Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində kino sənayesi, birgə festivalların təşkili, film və televiziya seriallarının istehsalı məsələləri də diqqət mərkəzində olub. Martın 1-də Ankarada Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə Türkiyənin  mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında görüşdə, həmin gün gerçəkləşən Azərbaycan-Türkiyə mədəniyyət üzrə Birgə Komissiyasının (İşçi qrupunun) iclasında bu sahədə əməkdaşlıq imkanları da müzakirə edilib.

Kino sahəsində əməkdaşlıq çərçivəsində bir çox istiqamətlər üzrə qarşılıqlı razılıq əldə olunub:

– Müştərək filmlərin istehsalı və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi.

– Müştərək serialların istehsalı ilə əlaqədar işlərin aparılması.

– Qarabağ mövzusunda müştərək filmlərin çəkilməsi.

– Müştərək film festivallarının keçirilməsi, həmçinin Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərində beynəlxalq film festivalının təşkilinə dair işlərin görülməsi.

– Film və serialların distribusiyası və beynəlxalq platformalarda yayımlanmasına dair əməkdaşlığın genişləndirilməsi.

– Hər iki ölkənin dövlət və özəl kino qurumları və kinematoqrafçıları arasında təcrübə mübadiləsi.

– Azərbaycan və Türkiyə Film Komissiyaları arasında əlaqələrin yaradılması və təcrübə mübadiləsinin həyata keçirilməsi.

– Animasiya sahəsində peşəkarlıq səviyyəsinin artırılmasına dair işlərin aparılması.

– Təhsil və tədris layihələrinin təşkili.

– Hər iki ölkənin təşəbbüsü əsasında türkdilli ölkələrin iştirakı ilə beynəlxalq ortaq film fondunun yaradılması istiqamətində müzakirələrin aparılması.

– Hər iki ölkədə uşaqlar və gənclər üçün kino mədəniyyəti ilə bağlı sosial layihələrin təşkili.

***

Mədəniyyət naziri Anar Kərimovun martın 2-də Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşündə də kino sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, Qafqaz İslam Ordusu, Qarabağ Zəfəri və Xocalı faciəsi haqqında müştərək filmlərin istehsalının vacibliyi vurğulanıb.

Nazirin TRT kanalının rəhbəri İbrahim Erenlə keçirilən görüşündə ortaq layihələrin hazırlanması və həyata keçirilməsi haqqında müzakirələr aparılıb.

***

Film sənayesi sahəsində əməkdaşlığın perspektivləri martın 3-də İstanbulda keçirilən görüşlərdə daha ətraflı müzakirə olunub.

TRT Kino Platosunun rəhbəri Yahya Tayyip Aydeniz ilə bir çox məşhur film və serialların istehsalının həyata keçirildiyi məkan və imkanlarla bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, 2020-ci ilin dekabrında Türkiyə Radio Televiziya Qurumu (TRT), Konya Böyükşəhər Bələdiyyəsi və Meram Bələdiyyəsi arasında imzalanan protokola əsasən, beynəlxalq kino platosunun (film pavilyonları şəhərciyi) qurulmasına başlanılıb. 35 hektar ərazini əhatə edən və tarixi mövzuda filmlərin çəkilməsinə imkan yaradacaq kino platosunun ilk mərhələsi bu ilin aprelində istifadəyə veriləcək. Layihənin ümumilikdə 2023-cü ildə tamamlanması nəzərdə tutulur.

Nazir Anar Kərimovun “Netflix Türkiye” platformasının idarə heyətinin sədri Mithat Özbek ilə görüşündə beynəlxalq arenaya çıxmaq üçün Azərbaycanda yüksək potensiallı hekayə (ssenari) mövzularının, habelə istedadlı kinematoqrafçıların olduğu vurğulanıb. Əvvəlki illərdə çəkilmiş Azərbaycan filmlərinin platforma üzərindən yayımı ilə bağlı müzakirələr də aparılıb.

Martın 3-də İstanbul Kino Muzeyində mədəniyyət naziri Anar Kərimovun və Türkiyə  mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircanın iştirakı ilı keçirilən  görüşə Türkiyədə fəaliyyət göstərən kino istehsalı, distribusiya və media şirkətlərinin rəhbərləri qatılıb:

“Tims B Yapım” / “Tesiyap” – Timur Savcı

“Tims B yapım” – Burak Sağyaşar

“Sinegraf” – Osman Sınav

“Bozdağ Yapım” – Mehmet Bozdağ

“Akli Film” – Emre Konuk

“TESİYAP” – Burhan Gün

“Med Yapım” – Fatih Aksoy

“Süreç Film” – Ali Gündoğdu

“Gold Yapım” – Faruk Turgut

“o3 Medya” – Saner Ayar

“Fokus Film” – Nilgün Sağyaşar

“Avşar Yapım” – Şükrü Avşar

“NTC Yapım” – Mehmet Yiğit Alp

“TMC Yapım” – Erol Avcı

“İntermedya” – Can Okan

“1441 Yapım” – İrfan Şahin

“Boyut Film” – Murat Tokat

“Tükenmez Kalem” – Gani Müjde

“Skala Medya” – İsmail Bayazıt və Canan Ekici

“Haliç Medya İletişim A.Ş.” –Enis Güven

“Koru Medya” – Furkan Kaya

“Radadan Hayat Film” – Fatih Özcan

Qeyd edək ki, kino sahəsində Türkiyə ilə əməkdaşlıq və birgə fəaliyyət müştərək filmlərin ərsəyə gətirilməsi məqsədi daşıyır və təcrübə mübadiləsinin həyata keçirilməsinə xidmət edir.

Görüşdə kino qurumlarının cari ildə nəzərdə tutulacaq film layihələrində prioritet mövzuların Azərbaycanla müştərək olacağı qeyd edilib və bu təşəbbüsün iki ölkə arasında əlaqələri daha da gücləndirəcəyinə əminlik ifadə olunub.

Nazir Anar Kərimov Vətən müharibəsində döyüşən qəhrəman əsgər və zabitlər haqqında yüksək səviyyəli bir film çəkmək üçün qardaş ölkənin kino şirkətləri ilə birgə çalışmaq niyyətində olduğumuzu bildirib, Türkiyənin bu sahədəki təcrübəsinin Azərbaycanda tətbiqinin nəzərdə tutulduğunu qeyd edib.

Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyətinin üzvlərinin Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircan, Türkiyə Mədəniyyət və Turizm Nazirinin Kino Müdiriyyətin direktoru Erkin Yılmaz, direktor müavini Kemal Uysal ilə baş tutan yekun görüşündə imzalanan sənədlər və müzakirə edilən məsələlər barədə hər iki ölkə tərəfindən ən qısa zamanda əməli və məqsədyönlü addımların atılacağı bildirilib.