Cümhuriyyət himninin 100-cü ildönümündə “Akif” filmi ekranlara çıxacaq

Martın 12-də Türkiyə Cümhuriyyətinin Dövlət Himninin – “İstiqlal marşı”nın 100-cü ildönümü tamam olur. Bu münasibətlə bir sıra tədbir və proqramlar nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ili “Mehmet Akif və İstiqlal marşı ili” elan edib. Bu münasibətlə həyata keçirilən layihələrdən biri də “İstiqlal marşı”nın sözlərini yazan şair Mehmet Akif Ersoyun (1873-1936) həyatını və əsərin yazılma tarixçəsini əks etdirən filmdir. Çəkilişlərinə ötən ilin sentyabr ayında başlanan “Akif” filminin 2021-ci il martın 12-də ekranlara çıxması nəzərdə tutulur.

“Darçın” studiyası tərəfindən çəkilən filmin rejissoru Kudret Sabancı, ssenari müəllifi Hakan Haksundur. Ekran əsərinin məsləhətçiləri Mehmet Akif Ərsoyun nəvəsi Selma Ersoy Argon, “İstiqlal marşı”nın ilk nəşr olunduğu “Sebilürreşad” jurnalının baş redaktoru Fatih Bayhan, Türkiyənin keçmiş dövlət xadimi Yüksel Yalova və professor Yasin Aktaydır.

Bundan başqa, Türkiyənin nüfuzlu qurumlarından olan Türk Eğitim-Sen – Təhsil üzrə Azad Həmkarlar İttifaqı da “İstiqlal marşı”nın 100-cü ildönümü münasibətilə “İstiqlaldan istiqbala” devizi altında üç hissədən ibarət tədbirlər keçirməyi nəzərdə tutub.

“İstiqlal marşı”nın maraqlı tarixçəsi var. 1920-ci ilin 23 aprelində Ankara Türkiyə Böyük Millət Məclisinin açılmasından sonra Mustafa Kamal Atatürkün öndərliyi ilə Qurtuluş savaşı və milli istiqlal mücadiləsi yeni mərhələyə qədəm qoymuşdu.

“Hakimiyet-i Milliye” qəzetinin 1920-ci il 25 oktyabr buraxılışında yeni Türkiyənin himninin yazılması ilə bağlı müsabiqə elan edilir. Tanınmış şair Mehmet Akif Ersoy milli marşın müsabiqə yolu ilə seçilməsini düzgün hesab etmədiyi üçün yarışmaya qatılmır. 1920-ci il dekabrın 23-dək davam edən müsabiqəyə 724 şeir göndərilir. Lakin bu əsərlərin heç biri qəbul olunmur. Bundan sonra maarif naziri Həmdullah Süphi Mehmet Akifə məktub göndərərək ondan himnin sözlərinin yazılmasını istəyir. Hər kəsin səbirsizliklə gözlədiyi milli marşın sözləri on günə hazır olur və 1921-ci il fevralın 17-də “Sebilürreşad” jurnalında “Qəhrəman Ordumuza” başlığı ilə dərc olunur.

1921-ci il martın 12-də Həmdullah Süphi onu Türkiyə Böyük Millət Məclisinin kürsüsündən oxuyur. Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” deyərək böyük təqdirlə qarşıladığı şeir “İstiqlal marşı” kimi qəbul olunur. Mehmet Akifə verilən 500 lirə məbləğində mükafat isə şair tərəfindən yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlanır.

İlk illərdə müxtəlif musiqilərlə ifa edilən marş 1930-cu ildən Türkiyənin tanınmış bəstəkarı, bugünkü Cümhurbaşqanlığı Simfonik Orkestrinin təməlini qoymuş Osman Zeki Üngör (1880-1958) tərəfindən yazılmış musiqi ilə səslənir.

Mehparə SULTANOVA
Ankara