Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik Musiqi məktəbinin üç şagirdi fevral ayında Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən vokal-xor sənəti üzrə “Voice land 2021” I beynəlxalq onlayn müsabiqə-festivalında iştirak edib

Akademik vokal nominasiyasında müxtəlif yaş kateqoriyalarında çıxış edən Aytac İmanova, İnci Mustafalı və Fatimə Sadıqova yüksək ifa bacarığı nümayiş etdirərək münsiflər heyətinin qərarı ilə Qran-Pri mükafatına layiq görülüblər.

Qeyd edək ki, şagirdlərin müəllimi Güllübəyim Məmmədovanın əməyi də münsiflər heyəti yüksək qiymətləndirilib və o, təşəkkürnamə ilə mükafatlandırılıb. Konsertmeyster Rəhiməxanım Qiyasbəyli də təşəkkürnamə ilə təltif olunub.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli Musiqi məktəbinin şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Amirə Əliyeva isə Londonda (Böyük Britaniya) “International Vision Euro Arts Competitions” çərçivəsində keçirilən “Kingdom Art Stars” adlı beynəlxalq distant müsabiqəyə qatılıb.

İdarədən bildirilib ki, Üzeyir Hacıbəylinin “Axşam oldu” əsərini ifa edən balaca pianoçu III yeri tutaraq laureat adına layiq görülüb və diplomla mükafatlandırılıb. Onun müəllimi Raminə Ağayeva da münsiflər heyəti tərəfindən diplomla təltif olunub.

***

Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göygöl rayon Aşıq Şəmşir adına Musiqi məktəbinin kamança ixtisası üzrə III sinif  şagirdi Sənəm Vüsal qızı Allahverdiyeva fevralın 28-də Qazaxıstanın Nur-Sultan şəhərində onlayn formatda keçirilən VII Beynəlxalq “Astana Grand” festivalında uğurla iştirak edib. Balaca ifaçı I yerə layiq  görülərək laureat adını qazanıb. Məktəbin müəllimləri Amalya Ağayeva və Ruhiyə  İsgəndərova festivalın təşəkkürnamələri ilə təltif olunublar.