“Müharibədən sonra yeni dövr başlayır. İndi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır”

“Əvvəlki dövrlərdə əldə edilmiş uğurları kənara qoymalıyıq”

Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaradıb. Bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılıb və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.

Prezident İlham Əliyev bu sözləri martın 5-də lideri olduğu Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışı zamanı deyib.

Prezident diqqətə çatdırıb ki, Azərbaycanın müstəqillik tarixinin son 17 ilində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər, qarşıya qoyulan hədəflərə uyğun atılan addımlar da bugünkü reallığın yaranmasına zəmin olub: “Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik”.

Dövlət başçısı bildirib ki, Azərbaycanın real müstəqilliyin bərqərar olması və möhkəmlənməsi 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra başlanıb. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilmirdi, öz hüdudlarını qoruya bilirmirdi, beynəlxalq aləmdə öz sözünü deyə bilmirdi. “1993-2003-cü illər həlledici illər olmuşdur. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq”, – deyə İlham Əliyev vurğulayıb.

Prezident deyib: “2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O, əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində, doğrudan da, tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür”.

 

90-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik

 

Dövlət başçısı qeyd edib ki, hər dövrün öz tələbləri var: “Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın”.

İlham Əliyev vurğulayıb ki, əgər ötən dövrə bu prizmadan yanaşsaq, 2003-2020-ci illər  bir hazırlıq dövrü idi: “Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik. Mən, demək olar ki, bütün çıxışlarımda, beynəlxalq müstəvidə bütün tədbirlərdə bu məsələni dilə gətirirdim, münaqişəni dilə gətirirdim. Bilirdim ki, gənc nəslin tərbiyə edilməsində bu amil həlledici olacaq. Amma baxın, görün, bizi nəyə sürükləyirdilər bəzi qeyri-hökumət təşkilatları, bəzi guya sülhsevər dairələr ki, gəlin, bax, indi vətəndaş cəmiyyətinin nümayəndələri, digər nümayəndələr bir-biri ilə görüşsünlər, əməkdaşlıq olsun, Ermənistanla Azərbaycan əməkdaşlıq etsin... Mən isə deyirdim ki, əməkdaşlıq ancaq o təqdirdə ola bilər ki, düşmən torpaqlarımızdan çıxsın. Bax, yenə də sözümə sadiqəm. İndi düşmən özü çıxmayıb, biz onu rədd eləmişik, qovmuşuq, eyni zamanda, əməkdaşlığa hazırıq. Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq”.

Prezident İlham Əliyev 2020-ci ildə qazanılan tarixi Zəfərdən sonra ölkəmizin qədəm qoyduğu yeni dövrlə bağlı fikirlərini də bölüşüb: “Çünki konseptual nöqteyi-nəzərdən bütün baxışlar yerindədir. Amma, əlbəttə ki, həyat və xüsusilə Qarabağın bərpası ilə bağlı məsələlər bizim planlarımıza müxtəlif korrektələr edəcək”.

Prezident vurğulayıb ki, yeni dövrdə ölkədə siyasi qüvvələr arasında dialoqu daha da dərinləşdirmək lazımdır. Bu prosesə müharibədən əvvəl start verilib və qısa müddət ərzində yaxşı nəticələr əldə olunub. “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur. Antimilli ünsürlərlə, əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar. Oradan pul alırlar, bura göndərirlər, camaatı çaşdırmaq üçün, onlar bizim şanlı Qələbəmizə kölgə salmaq istəyirlər”, – deyə İlham Əliyev əlavə edib.

Dövlət başçısı qeyd edib ki, biz Qarabağda böyük bərpa işlərinə başlamışıq. Bütün bunlar vəsait tələb edir: “Ona görə iqtisadi sahədə əsas məsələ budur. Özəl sahibkarlığın inkişafı, o cümlədən azad edilmiş torpaqlarda bütün işlərin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi – bu təlimat da verilib. Əminəm ki, xarici investorlar azad edilmiş torpaqlara böyük həvəslə gələcəklər”.

 

“Ermənistanla bu səhifəni bağlamalıyıq”

 

Xarici siyasətlə bağlı kursun da dəyişməz olaraq qaldığını diqqətə çatdıran İlham Əliyev deyib: “Müharibə dövrü və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu, çox düzgün kurs idi. Müharibə dövründə bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. Amma mənim cavabım nə oldu? Azərbaycan xalqı bunu bildi. Artıq bu iradlar da yoxdur. Artıq bu əsassız ittihamlar da aradan qaldırılıb. Hətta müharibə dövründə hesab edirəm ki, ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır. Yəni, onlar tərəfindən belə bir təklif irəli sürüldü, biz də bunu qəbul etdik. Biz indi anlayırıq ki, bəzi daxili səbəblər ola bilər. İndi bəzi yalan məlumatlar ola bilər. Hər halda, biz maraqlı deyilik ki, bu məsələni uzadaq. Mən demişəm, hətta Ermənistanla biz bu səhifəni bağlamalıyıq, vəssalam, qurtardı getdi. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Düşməndən qisasımızı döyüş meydanında aldıq. Xalqımızın böyüklüyünü bir daha göstərmək üçün hesab edirəm ki, əldə olunmuş qələbə bizi tam qane edir. Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq.

Ona görə biz xarici siyasətlə bağlı əməkdaşlığa hazırıq. İndi bir çox ölkələr Qarabağda bərpa işlərinə maraq göstərirlər. Onları da biz dəvət etmişik. Xarici siyasət dəyişməz olaraq qalacaq. Bu gün Azərbaycan nəinki siyasi müstəvidə özünü təsdiqlədi. Qoşulmama Hərəkatının məsuliyyətli sədri kimi özünü göstərdi, eyni zamanda, öz haqlarını özü müdafiə edə bilən ölkə kimi özünü göstərdi. Döyüş meydanında da, siyasi meydanda da qələbə qazandıq. Müharibədən sonra nə qədər çalışsa da Ermənistan öz istəyinə nail ola bilmədi. İndi bəzi ölkələrin bələdiyyələri isə hansısa qərar qəbul edirlər. Bunlar, ümumiyyətlə, əhəmiyyətli deyil. Onların heç adı da heç bir siyahıda yoxdur. O bizi maraqlandırmır. Hətta bəzi parlamentlərin qərarları qəbul edilir. Ancaq biz nəyi görürük? Bizim də, təbii ki, haqlı iradlarımız var. O ölkələrin rəsmi şəxsləri – ya xarici işlər nazirləri, ya da digər nazirlər deyirlər ki, bunu etməyin, bu, qəbuledilməzdir... Ona görə müharibədən sonrakı dövr də bizim xarici siyasətimizin uğurlu olmasını bir daha göstərir”.

Dövlət başçısı vurğulayıb ki, qarşıda duran bəzi vəzifələr barədə öz fikirlərini həm partiya üzvləri ilə, həm Azərbaycan xalqı ilə bölüşməklə, əlbəttə ki, bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskussiyaya çağırır: “Buna ehtiyac var. Çünki bir daha demək istəyirəm ki, biz yeni dövrə qədəm qoyduq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun”.

Prezident qarşıda duran vəzifələrdən bəhs edərkən Qarabağa “Böyük Qayıdış” proqramının icrası barədə fikirlərini də diqqətə çatdırıb. Bildirib ki, bu proses müəyyən zaman kəsiyində baş verəcək: “Biz bir gündə, yaxud da ki, bir il, ya iki ildə dağılmış bütün şəhər və kəndlərimizi bərpa edə bilmərik. Ona görə burada ardıcıllıq, əlbəttə ki, gözləniləcək. Bu ardıcıllıqla bağlı, əlbəttə, hesab edirəm ki, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə üstünlük verilməlidir. Çünki 300 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib, onların məişət şəraiti yaxşıdır. Ancaq hələ də uşaq bağçalarında, yataqxanalarda və digər yararsız, yəni uyğunlaşdırılmış binalarda köçkünlər yaşayır”.

 

Müstəqilliyimizin 30 illiyini qalib dövlət kimi qeyd edəcəyik

 

Prezident İlham Əliyev Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə kimi üstün dəyərinin bundan sonra da qorunub möhkəmləndiriləcəyini vurğulayıb: “Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər, öz ailəsində, öz doğma torpağında hiss edirlər. Xalqlar arasındakı dostluq, mehriban münasibət bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq. Burada siyasət bundan sonra da ardıcıl şəkildə aparılacaq. Bizim siyasətimiz xalq tərəfindən də qəbul edilir. İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir”.

2021-ci ildə Azərbaycanın müstəqilliyininin 30 illiyinin qeyd ediləcəyini bildirən dövlət bacısı bir daha vurğulayıb ki, biz bu günü qürur hissi ilə qarşılayırıq. Biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik: “Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq. Beləliklə, bir çox hallarda dediyim kimi, bugünkü qurultayı da bu sözlərlə yekunlaşdırmaq istərdim: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.