ABŞ-ın bəzi ştatları maska rejimini ləğv edərək normal həyata qayıdır

ABŞ-ın Texas və Missisipi ştatlarında administrasiya maska rejiminin ləğv olunduğunu və bütün iqtisadi fəaliyyətin bərpa olunacağını elan edib.

Texas ştatının qubernatoru Qreq Ebbott deyib ki, səhiyyə sistemi nümayəndələrinin xəbərdarlığına baxmayaraq, maska taxılması tələbini ləğv edir. O bildirib ki, martın 13-dən etibarən bütün müəssisələr yenidən fəaliyyətə başlaya biləcəklər. Qubernator deyib: “Texas sakinlərinin çoxu işə düzəlmək imkanından məhrum olub. Kiçik biznes sahiblərinin çoxu öz hesablarını ödəməyə çətinlik çəkir. Buna son qoymaq lazımdır. Texas iqtisadiyyatını 100 faiz bərpa etməyin vaxtı çatıb”.

Missisipi ştatının qubernatoru Teyt Rivz də maskalarla bağlı tələblərin qüvvədə olma müddətinin başa çatmasını və müəssisələrin öz fəaliyyətini tamamilə bərpa edə bilməsini elan edib. O deyib: “Xəstəxanalara yerləşdirilənlərin və xəstələnənlərin sayı kəskin şəkildə azalıb, vaksin sürətlə yayılır. Artıq vaxtdır!”.

Ebbottun bəyanatı bununla bağlı olub ki, ölkədə COVİD-19-a yeni yoluxma və stasionarda müalicə üçün yerləşdirilmə sayı azalmaqda davam edir. Lakin ekspertlərin sözlərinə görə, indiki vaxtda məhdudiyyətlərin zəiflədilməsi ilə xüsusən virusun yeni ştamlarının yayılması yenidən geniş vüsət ala bilər. Cons Hopkins Universitetinin məlumatına görə, martın 1-nə qədər Texas sakinlərinin cəmisi 6,5 faizi peyvəndlənib.

ABŞ-da COVİD-19-dan ölənlərin sayı fevral ayında 500 mini ötüb.

Avropada pandemiyadan ən ağır zərər görən İtaliyada isə 2020-ci ildə İkinci Dünya müharibəsindən sonra ən yüksək ölüm səviyyəsi qeydə alınıb. Ötən il İtaliyada ölüm hallarının sayı 746 min nəfər təşkil edib və bu göstərici 2015-2019-cu illərin orta göstəricisindən 15 faiz çoxdur. 2020-ci ildə pandemiyanın rəsmən elan olunduğu mart ayından dekabr ayınadək dövr üçün isə İtaliyada ölüm səviyyəsi qeyd edilən orta göstəricidən 20 faiz yüksək olub.

İtaliyada təxminən 3 milyon insan COVİD-19-a yoluxub, koronavirusla əlaqədar ölənlərin sayı isə 100 min nəfərə yaxındır.