Pandemiya ilə mübarizə üzrə işçi qrupun iclası olub

Martın 5-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) turizm sahəsində COVİD-19 əleyhinə mübarizəyə həsr edilmiş işçi qrupunun onlayn iclası keçirilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, iclasa Dünya Turizm Təşkilatının Avropa departamentinin direktor müavini Piter Yanek, eləcə də Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Albaniya, Yunanıstan, Şimali Makedoniya, Serbiya, Moldova, Rumıniya nümayəndələri qatılıb.

Onlayn iclasda COVİD-19-a qarşı həyata keçirilən tədbirlər, turizm sektorunun bərpası istiqamətində indiyədək görülmüş işlər, həmçinin bu sahədə planlaşdırılan tədbirlər  müzakirə edilib. Üzv ölkələrin mütəmadi olaraq turizmlə bağlı əsas xəbər və yeniliklərin QDİƏT Katibliyinə göndərilməsi barədə razılıq əldə edilib. Qeyd olunan məlumatlar pandemiya dövründə üzv ölkələrə səyahət və turizmlə bağlı yeniliklərin yayılması məqsədilə QDİƏT tərəfindən yaradılan onlayn platformada (http://www.bsec-covidinfo.org) yerləşdiriləcək.

Bu arada Rusiya vətəndaşlarının Gürcüstana səfər etmələri üçün bəzi qaydalar yumşaldılıb. Yeni qaydalara əsasən, Rusiya vətəndaşları martın 6-dan başqa ölkələrdən keçməklə Gürcüstana səfər edə bilərlər.

Lakin iki ölkə arasında birbaşa uçuşlar hələlik bağlı olduğu üçün Rusiya vətəndaşları Gürcüstana birbaşa uçuşların olduğu ölkələrdən gələ bilərlər. Gürcüstan XİN həmin ölkələr arasında Azərbaycanın və Türkiyənin də olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Rusiya vətəndaşları təyyarə ilə Bakıya uçaraq, oradan Bakı-Tbilisi reysi ilə Gürcüstana gələ bilərlər.