Azərbaycan mədəniyyətinə itki üz verib. Əməkdar mədəniyyət işçisi, uzun illər Bakı Dövlət Sirkinin direktoru vəzifəsində çalışmış Vaqif Bağırzadə 2021-ci il martın 7-də vəfat edib.

Vaqif Mahmud oğlu Bağırzadə 1954-cü il iyunun 24-də Bakı şəhərində anadan olub. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Müxtəlif illərdə “Azərbaycanfilm” kinostudiyasında, A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda, Moskva Dövlət Eksperimental Kinostudiyasında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzində və nazirliyin İncəsənət şöbəsində çalışıb.

Vaqif Bağırzadə 2003–2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru vəzifəsində işləyib. Sirkə rəhbərlik etdiyi illər ərzində bir çox irimiqyaslı, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində, tanınmış xarici sirk ustalarının qastrol səfərlərinin təşkilində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti göstərib.

Vaqif Bağırzadə mədəniyyət sahəsində uzunillik səmərəli fəaliyyətinə görə 2014-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Tanınmış mədəniyyət işçisi, gözəl insan Vaqif Mahmud oğlu Bağırzadənin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin.