Akademik Musiqili Teatr Milli Teatr Günü münasibətilə videoçarx təqdim edib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 10 mart – Milli Teatr Günü münasibətilə teatrsevərləri videoçarx vasitəsilə təbrik edib.

Milli peşəkar teatrımızın yaranmasının 148-ci ildönümü ilə bağlı təqdim edilən videoçarxda bir əsr yarımlıq tarixi olan Azərbaycan teatrının tanınmış simaları yer alıb. Bəstəkar, müğənni, Əməkdar artist Elza Seyidcahanın "Mən aktyoram" (söz: V.Əziz) mahnısının sədaları altında şərəfli və çətin aktyor ömrü kadrlarda sətir-sətir oxunur, səhifə-səhifə vərəqlənir, bir daha zamanın yaddaşına yenidən həkk olunur.

Kompozisiyanı Akademik Musiqili Teatrın rejissoru Samir Qulamov və teatrın operator və montajçısı Hikmət Şahverdizadə hazırlayıblar.

Layihənin ideya müəllifi, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev teatrsevərlərin bu dəfə fərqli məkanda və fərqli formada qarşılanmasının səbəblərini belə açıqlayıb: "Artıq bir ildir dünyanı bürüyən gözlənilməz bəla teatrlara da təsirsiz ötüşmədi. Biz sevimli səhnəmizdən ayrı düşmüşük. Bütün bunlara baxmayaraq, ümidlə hər şeyin öz əvvəlki axarına düşəcəyi günləri gözləyirik. Bir ildir onlayn fəaliyyət göstəririk, həftəsonları rəsmi sosial şəbəkə hesablarımızda tamaşalarımız nümayiş olunur. Etiraf edək ki, tamaşaçılarımızdan ötrü çox darıxmışıq. Müasir texnologiyanın tələblərinə nə qədər cavab verməyə çalışsaq da, canlı ünsiyyətin, canlı sənətimizin yerini heç nə vermir. Vətən müharibəsində qazandığımız uğurlardan ilhamlanaraq qısametrajlı filmlər də çəkdik və hələ də layihələrimizi davam etdiririk... Teatr kollektiv sənətdir, həmrəyliyin, zəhmətlə yoğrulmuş yaradıcılığın bəhrəsidir.

Təqdim etdiyimiz bu videorolikimizdə ümumilikdə Azərbaycanın teatr tarixinə nəzər salmışıq. Hələlik sevimli tamaşaçılarımızı teatrlarımızda qarşılaya bilməsək də, Milli Teatr Günü münasibətilə onları da təbrik edirik və “tezliklə görüşənədək!" – deyirik".

Təbrik videoçarxını https://youtu.be/VMsI0CusEGw linki vasitəsilə izləmək olar.