Kitabxanalarda geniş istifadə olunan yeni xidmət formalarından biri də virtual kitab sərgiləridir. Virtual sərgi xüsusi seçilmiş və sistemləşdirilmiş nəşrlərlə tanış olmaq və istifadə etmək üçün tövsiyə olunan ümumi elektron mənbələrin internetdə nümayişidir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası onlayn kitab təbliğatının ən səmərəli forması olan virtual kitab sərgilərinin düzgün tərtibinə kömək məqsədilə “Kitabxanalarda virtual kitab sərgilərinin təşkili” adlı metodik vəsait hazırlayıb. Vəsaitdə virtual sərgilərin mahiyyəti, ənənəvi sərgilərdən üstün və fərqli cəhətləri, strukturu,  elektron kitab sərgisinin modeli, növləri və formaları haqqında məlumat verilib.

Virtual kitab sərgilərinin vizual rahatlığını təmin edən şərtlər, virtual sərgilərin tipologiyası və məqsədi, onları tərtib etməyə imkan verən proqram təminatı və s. məsələlər metodiki vəsaitdə geniş işıqlandırılıb. Sonda vəsaitin hazırlanması üçün istifadə olunan ədəbiyyat siyahısı verilib.

Vəsaitdə kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Nəriman Nərimanov – 150”, “20 Yanvar – Qan yaddaşımız”, “Əfsanəvi qəhrəman Mübariz İbrahimov”, “Ələsgər Ələkbərov – 110” və s. virtual sərgilərin nümunələri də təqdim olunur.

“Kitabxanalarda virtual sərgilərin təşkili” adlı metodiki vəsaitlə bu linkdə tanış olmaq olar: http://ryl.az/files/vsm.pdf