Xəbər verdiyimiz kimi, türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən Türkiyədə səyyar fotosərgi layihəsi həyata keçirilir.

Türk dünyası ustad fotoqraflarının çəkdikləri şəkillərdən ibarət fotosərgi martın 5-də ilk olaraq İzmirin Seferihisar rayonunda, martın 7-də Aydın şəhərində nümayiş etdirilmişdi.

“Müstəqilliyinin 30-cu ilində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan” adlı fotosərgi martın 9-da Dənizli şəhərində təqdim olunub.

Şəhərdəki 15 İyul Dəlikliçinar Şəhidlər meydanında təşkil edilən sərginin açılış mərasimində Dənizli valisi Əli Fuat Atık, Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zoran, TÜRKSOY Katibliyi İdarə, maliyyə və hüquq işləri şöbəsinin müdiri  Sancar Mülazımoğlu və digər qonaqlar iştirak edib.

Mərasimdə çıxış edən Osman Zolan türk dünyası ilə qardaşlıq bağlarının daha da möhkəmlənməsinin vacibliyini bildirib, sərginin əhəmiyyətini vurğulayıb: “Bu fotoşəkillərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın gözəlliklərini görəndə bir-birimizlə nə qədər iç-içə olduğumuzu və min illər əvvəl necə qardaş olduğumuzu bir daha xatırlayacağıq. Bundan sonra da birlik və bərabərlik içində yolumuza davam edəcəyik. Dövlətlərimiz ayrı ola bilər, amma ruhumuz, düşüncələrimiz, hədəflərimiz, yolumuz birdir”.

Dənizli sakinlərinin maraqla izlədiyi sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın təbiəti, tarixi və memarlıq, mədəniyyəti və incəsənətini əks etdirən fotolar yer alıb.

Mehparə SULTANOVA
Ankara