Rusiya Kino Akademiyası “Nika” kino mükafatına namizədlərin siyahısını açıqlayıb. Azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi də “Nika” mükafatının nominantları sırasında yer alıb.

Film “MDB və Baltikyanı ölkələrin ən yaxşı film” kateqoriyasında nominant elan edilib. Bu kateqoriyada Baydarovun filmi ilə yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan filmləri də yarışır. 

Xatırladaq ki, Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi ötən il İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Bu, müstəqil Azərbaycanın kino tarixində A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alan ilk bədii filmdir.

Azərbaycan, ABŞ və Meksika kinematoqrafçılarının birgə istehsalı olan ekran əsərində Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs olunur. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran qəhrəman günlərin birində ard-arda qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.

Filmin ssenari müəllifləri Hilal Baydarov, Rəşad Səfər, quruluşçu operatoru Elşən Abbasov, bəstəkarı Kənan Rüstəmli, birgə istehsalçıları Carlos Reygadas, Joslyn Barnes, icraçı prodüserləri Danny Glover, Susan Rockefellerdir. Rolları Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oqtay Namazov və Mürvət Əbdüləzizov oynayır.

L.AZƏRİ