44 gün davam edən İkinci Qarabağ müharibəsində xalqımıza qələbə sevinci bəxş edən qəhrəmanlardan biri də 1984-cü ildə dağlar diyarı Lerik rayonunun Kornədi kəndində anadan olan Cəlal Ağaverdi oğlu Ağayev idi. Cəlal Vətəninə, torpağına ürəkdən bağlanmışdı. Ömrünün mənasını xalqına gərəkli olmaqda görürdü. General Həzi Aslanov kimi qəhrəman tankçı olmaq istəyi isə lap uşaq yaşlarında qəlbinə hakim kəsilmişdi.
2003-cü ildə orta məktəbi bitirib həqiqi hərbi xidmətə yollanır. Naxçıvanda Azərbaycan Silahlı Qüvvələrin tərkibində Vətənini gözbəbəyi kimi qoruyur və onun yolunda canını fəda etməyə hər an hazır olur. Əsgərlikdən sonra gizirlik məktəbini oxuyub tank komandiri vəzifəsində xidmətini davam etdirir. 2016-cı ilin Aprel döyüşləri zamanı Cəlal Ağayev hünərini göstərir.
Cəlal İkinci Qarabağ müharibəsinə gedənlərin sırasında da birinci olur. 29 sentyabrda döyüş tapşırığı alan qəhrəman gizir idarə etdiyi tankla düşmənin səngərini keçib, onlarla canlı qüvvəsini məhv edir. Ağır keçən həmin döyüşün sonuna yaxın Cəlalın tankı düşmən tərəfindən vurulur. Tankdan sağ çıxan igid gizir əlində avtomat son qanına qədər vuruşur. Şanlı Zəfərimizə adını yazmaqla ömrünü canından artıq sevdiyi Vətəninə bağışlayır.
Elin qəhrəman oğlu yaşadığı cəmiyyətdə yaxşı ailə başçısı kimi də tanınırdı. Nazənin və Sadiq adlı iki övladını xalqımıza əmanət saxlayıb. İndi bütün Lerik camaatı Cəlalı özünə iftixar mənbəyi, qürur yeri bilir. Onun keçdiyi qısa, şərəfli həyat yolu zaman-zaman Vətənə, torpağa sevgi nümunəsi olacaq.
Dövlət də sədaqətli oğlunun qəhrəmanlığını unutmadı. Tank komandiri, gizir Cəlal Ağayev ölümündən sonra “İgidliyə görə” və “Vətən uğrunda” medallarına layiq görüldü.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü