Aprel ayında Azərbaycanın və İtaliyanın gənc şairlərinin əsərlərindən ibarət “Milyon illər sonra görüşdük” adlı antologiya işıq üzü görəcək.

Bu barədə “Söz” ədəbi-bədii layihəsinin rəhbəri, şair-publisist Nigar Həsənzadə məlumat verib. O deyib ki, nəşr layihəsi 2019-cu ildə Bakıya səfər edən İtalyanın tanınmış şair və yazıçısı Davide Rondoni ilə işbirliyinin nəticəsidir: “Bizim tərəfimizdən gənc şairlərin əsərləri italyan dilinə, onların qələm adamlarının şeir nümunələri isə dilimizə tərcümə olunub. İlk dəfədir belə bir təşəbbüs həyata keçirilir. Bu, İtaliya-Azərbaycan ədəbi-mədəni əlaqələrinə bir töhfədir”.

Nigar Həsənzadə bu günlərdə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə görüşündə antologiya barədə geniş söhbət etdiyini deyib.

Bildirib ki, layihə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən maliyyələşdirilən “Vivere All’İtaliana” proqramı çərçivəsində, bu ölkənin Bakıdakı səfirliyinin dəstəyi ilə həyata keçirilir. “Milyon illər sonra görüşdük” antologiyası İtaliya səfirliyi tərəfindən mədəni diplomatiya fəaliyyəti kimi yüksək qiymətləndirilir. Məqsəd hər iki ölkənin gənc incəsənət xadimlərinin tanıdılmasıdır. Gələcəkdə rəssam və musiqiçilər də bu layihələrə cəlb ediləcək.