Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual “Salon” (“Salons”) silsilə tədbirlərindən dördüncüsü keçirilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, “Rebekka Lamont adına şərabçılıq məktəbi”nin (Rebecca Lamont Wine School) dəstəyi ilə təşkil olunan vebinar “İpək Yolunun sirləri: Azərbaycanda şərabçılıq sənayesinin gələcəyi” mövzusuna həsr olunub.

Tədbirdə enoloq Andrea Uliva və dizayner-sahibkar Culio Vinaççia spiker qismində iştirak ediblər.

Vebinarda Azərbaycanda istehsal olunan 3 şərab növü – yalnız ölkəmizdə yetişdirilən “Bayanşirə” üzümündən hazırlanan ağ turş, “Mədrəsə”, eləcə də “Saperavi-Kaberne Sovinyon” üzümündən hazırlanan qırmızı turş şərablar barədə müzakirələr aparılıb.

Azərbaycanın unikal təbii-coğrafi mövqeyindən danışan Andrea Uliva adıçəkilən şərab növlərinin fermentasiya üsulları, rəngi, dadı və qoxusu barədə məlumat verib. O, ölkəmizin eyni zamanda zəngin mətbəxə malik olduğunu vurğulayaraq, müxtəlif şərab növlərinə uyğun ən yaxşı yemək nümunələrinin adını çəkib.

Dünyanın müxtəlif yerlərinə səyahət etmiş Culio Vinaççia Azərbaycanda bir çox fərqli mədəniyyətin birləşdiyini və bunun da şərabçılıq mədəniyyəti üçün bənzərsiz imkanlar yaratdığını vurğulayıb.

Spikerlər ölkəmizin şərabçılıq sənayesi, Azərbaycanda istehsal olunan şərabların ixrac olunduğu ölkələr  və s. barədə sualları cavablandırıblar.

Qeyd edək ki, vebinarda iştirak edən qonaqlar üçün əvvəlcədən göndərilmiş Azərbaycan şərablarının onlayn dequstasiyası da keçirilib.

Məlumat üçün bildirək ki, indiyədək təşkil olunan “Salon” silsilə tədbirləri Azərbaycanın biznes mühiti və iqtisadi əlaqələrinə, ölkəmizdə memarlıq sənətinin inkişaf mərhələlərinə və xalçaçılıq ənənələrinə həsr olunub.