Türkiyə Cümhuriyyətinin Dövlət Himni – İstiqlal Marşının 100 illiyi silsilə tədbirlərlə qeyd olunur. 

Martın 12-dəTürk Eğitim-Sen – Təhsil üzrə Azad Həmkarlar İttifaqı İstiqlal Marşının Türkiyə Böyük Millət Məclisində qəbul edilməsinin 100-cü ildönümü münasibətilə tədbirlər keçirib. Tədbirlərdə Türkiyə Həmkarlar İttifaqının (Türkiyə Kamu-Sen) baş direktoru Önder Kahveçi, Türk Eğitim-Sen – Təhsil üzrə Azad Həmkarlar İttifaqının baş direktoru Talip Geylan, Türk Eğitim-Sen idarə heyəti üzvləri və digər həmkarlar ittifaqlarının rəhbərləri iştirak ediblər.

İstiqlal Marşının oxunmasından sonra Talip Geylan açılış nitqi ilə çıxış edib. “İstiqlal Marşı həm millətimizin qurtuluş ümidini, həm də qəhrəman ordumuzun cəbhədəki mübarizə əzmini bəsləyən bir dastan oldu. İstiqlal Marşı bu torpaqların, Anadolunun Vətənə çevrildiyini və Türk millətinin əzmini izah edən nadir bir əsərdir. Əzəldən əbədiyyətə qədər Haqqa tapınan millətimizin hür yaşayacağı əbədi bir dastandır” – deyə o vurğulayıb.

Türkiyə Həmkarlar İttifaqının baş direktoru Önder Kahveçi isə çıxışında Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkü və silahdaşlarını bir daha minnətdarlıqla yad etdiklərini vurğulayıb: “Atatürk bizə azad və müstəqil yaşaya biləcəyimiz bir Vətən qoyub getdi. İstiqlal Marşımızın qəbul edilməsinin yüzüncü ildönümündə bizə ümid və qətiyyət aşılayan bu misilsiz əsəri bizə bəxş edən Mehmet Akif Ersoyu da minnətdarlıqla anırıq”.

Açılış nitqlərindən sonra "İstiqlaldan istiqbala İstiqlal Marşım və Mehmet Akif Ersoy" adlı panel təşkil edilib.

Paneldəki çıxışlarda türk millətinin istiqlal, müstəqillik, qəhrəmanlıq, zəfər, vətənpərvərlik, bayraq sevgisi, Vətən azadlığı uğrunda fədakarlıq və mücadiləsindən söz açıldı, böyük şair Mehmet Akif Ersoyun xatirəsi yad edilib. Sonra Talip Geylan paneldə iştirak edən professorlara plaket təqdim edib.

Tədbirin ikinci mərhələsində Türk Eğitim-Senin hazırladığı "100 ilində İstiqlal Marşımızın və milli şairimiz Mehmet Akif Ersoyu anma" kitabının təqdimatı keçirilib.

Daha sonra isə Türk Eğitim-Sen tərəfindən İstiqlal Marşının 100-cü ili və Mehmet Akif Ersoyun xatirəsinə həsr edilən "Müstəqillikdən gələcəyə" şeir yarışının qaliblərinə mükafatlar təqdim olunub.

Mehparə SULTANOVA
Ankara