Mərhum şair-jurnalist Xasay Cahangirovun xatirəsinə

Deyirlər ki, hər kəsin taleyi onun alnına yazılıb. Nə təsadüfi görüşlər, rastlaşmalar, nə təsadüfi sevgilər, qəflətlər olur. Buna inanmamaq olmur. İnsanı yaxından tanıdıqca anlayırsan ki, taleyi yönəldən təsadüf adlandırdığımız ilişki zərurət imiş. Budur, Allahın taleyimizə verdiyi gözlənilməzliklər...

Bu yazıda tanınmış şair, jurnalist Xasay Cahangirovdan söz açmaq istəyirəm. O insan ki 35 il fasiləsiz “Sosialist Sumqayıtı” (indiki “Sumqayıt”) qəzeti redaksiyasında çalışıb, 26 il ədəbi dərnəyə rəhbərlik edib, qəlbə yatan şeirləri ilə oxucuların rəğbətini qazanıb.

Xasay Məmmədqulu oğlu Cahangirov 21 mart 1930-cu ildə Qubadlı rayonunun Məzrə kəndində doğulub. Atası Məmmədqulu Böyük Vətən müharibəsinə gedəndə ailədə 5 uşaq qalıblar. Uşaqlıq dövrü aclıq, ehtiyac içində keçsə də, kolxozun yüzlərlə qoyun sürüsünə 10 yaşında çobanlıq edəndə də, çantasında çörək yerinə həmişə kitabları olardı. Əvvəlcə Ağdam Kənd Təsərrüfatı Texnikumunu bitirib, Qubadlı və Ağdamda öz ixtisası üzrə işləyib. 1958-ci ildə taleyini Sumqayıt şəhəri ilə bağlayan Xasay Cahangirovun şeirlərini oxuyan görkəmli yazıçı-dramaturq Mirzə İbrahimov ona ali təhsil almağı məsləhət görür. Xasay müəllim Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunur. Qiyabi təhsil almaqla yanaşı, "Sosialist Sumqayıtı" qəzetində bircə məqaləsinə görə şöbə müdiri təyin edilir. Respublika mətbuatında imzası tanınandan sonra onu paytaxta müxtəlif vəzifələrə dəvət etsələr də, doğma Sumqayıta arxa çevirmir, orada fəaliyyətini davam etdirir.

“Tale sizi Xasay müəllimlə necə rastlaşdırdı” sualına həyat yoldaşı, şairə Solmaz Cahangirova belə cavab verir:

– Xasay müəllimi orta məktəbdə oxuduğum illərdən şair kimi tanıyırdım. Tez-tez tədbirlərdə görürdüm. Şəxsi tanışlığımız Xalq şairi Bəxtiyar Vahabzadənin sayəsində baş verdi. Bəxtiyar müəllimə məktub göndərib xahiş etdim ki, şeirlərimi oxuyub dəyərini desin, yazımmı, yazmayımmı. Məktubu redaksiyaya göndərdim. Bir gün şairin öz xətti və imzası ilə cavab aldım. O məktubu əziz bir xatirə kimi saxlayıram. Məni evlərinə dəvət etdi. Getdim, həyat yoldaşı Dilarə müəllimə, oğlu Azərlə tanış oldum. Flora Kərimova da orada idi. Bəxtiyar müəllimin sözlərinə yazılmış mahnını ifa edirdi. Həyəcanlı idim. Özümlə şeir dəftərimi və bir neçə şəxsi gündəliyimi də gətirmişdim. Bilmirəm, nədənsə onun "Etiraf" poemasını oxuyandan sonra hiss etmişdim ki, mənim də gündəliyim gənclik etiraflarım ilə doludur, bəlkə bu etiraflar yerinə düşəcək... Mənə dedi ki, bu dəftərləri qoyun məndə qalsın. Bir həftədən sonra bizə gəlin, danışaq. Eyni zamanda mənə o zaman "Azərbaycan" jurnalında nəşr edilmiş V.Vejinovun "Baryer" əsərini oxuyub poetizmi güclü olan sətirlərin altından xətt çəkməyi tapşırdı.

Bir həftədən sonra onlara getdim. Bəxtiyar müəllim gündəliyimdən birini başa qədər oxuyub çox təsirli rəy yazmışdı. Məni olduğum kimi anlamış, dəyərləndirmişdi. Şeirlərimi bir daha öz səsimlə təkrar dinlədi. İnanın ki, həyəcanım artmaqda idi. Görəsən, nə deyəcək. Necə qiymət verəcəkdi. "Baryer" əsəri üzərində təhlil aparıb işarələdiyim sətirlərə diqqətlə baxdı. Tam razı qaldı. Bir neçə sual da verib cavablarımı bəyəndi.

İlk fikri belə oldu: “Şeirlərin yaşadıqlarındır, bu, yaxşı haldır, süni heç nə yoxdur, yaşanmış duyğuları yaza bilmək təbii duyum kimi, istedad kimi gərəklidir. Amma izzətini, hörmətini, ləyaqətini qoru. Məsləhət görürəm ki, Sumqayıtda Xasay Cahangirov adlı bir şair yaşayır. Sumqayıtda ədəbi birliyinin rəhbəridir, çox təmiz və namuslu adamdır. Get onun yanına, de ki, məni Bəxtiyar müəllim sizin yanınıza göndərdi. O, sənin şeirlərini qəzetdə çap edəcək. Çap olunmaqdan çox yaxşı yazmağı diqqətində saxla. Bu işdə Xasay müəllim sənə kömək edəcək. Buralarda çirkaba bulaşarsan. Hayıfsan, qızım”.

Mən Xasay müəllimin kabinetinə girəndə də həyəcanım çoxaldı, amma onun nurlu siması məni sakitləşdirdi. Başını yuxarı qaldırmadan dedi ki, dəftərini qoy qalsın, get. Sonra zəng edib nəticəsini öyrənərsən. Amma mən Bəxtiyar müəllimin yanında olduğumu ona bildirməyə belə macal tapmadım. İki gündən sonra zəng edib məsələnin nə yerdə olduğunu soruşanda məni redaksiyaya dəvət etdi. Dəftərimi qarşıma qoyub iki-üç şeirimi vərəqə köçürüb ona verməyi xahiş etdi. Amma həyəcanlı olduğunu hiss etdim. Səbəbini bilmirdim. Mənə uğurlu yol yazıb ədəbiyyat səhifəsində şəklimlə çapa verdi. Təklif etdi ki, ədəbi birliyə dərnəyə gəlim. Beləcə, həftədə bir dəfə dərnəyin məşğələlərində iştirak etməyə başladım. Bu, tale imiş...

Xasay müəllimin "Sumqayıtdan gələn səslər” ədəbi birliyinin rəhbəri kimi gənc yazarlara köməyindən, respublika səviyyəli tədbirlər keçirməsindən ürəkdolusu söz açan Solmaz xanım Bəxtiyar Vahabzadənin Xasay Cahangirovu dürüst, təmiz insan və böyük şair adlandırmasından heyrətləndiyini də gizlətmədi. Yaşadığı doğma şəhərin doğmaca mühitində belə bir şairdən xəbərsiz idi, sonralar anladığına görə təvazökarlıqdan özünü tanıtmağa utanan şairlə üzbəüz oturub onu dinləyəndə Bəxtiyar müəllimin  verdiyi dəyərin əsaslı olduğuna bir daha inandı...

Bu arada Solmaz xanım öz həyatından da söz açır: “Mən 1948-ci ildə Laçında doğulmuşam. Atam Bahadur bəy nəslindən idi. Fars və ərəb dillərini mükəmməl bilirdi. Gözəl qəzəllər yazırdı. Muğamların mahir bilicisi idi, gözəl səsi var idi. Anam Qonaqkəndli Qaçaq Mayılın qızıdır. Azərbaycanın müstəqillik tarixində xüsusi yeri və xidməti var. Ali təhsilliyəm, müxtəlif vəzifələrdə işləmişəm, o cümlədən, Abşeron Rayon Təhsil Şöbəsində metodist, şöbə müdirinin müavini, B.Cəfərov adına Xırdalan şəhər 3 saylı orta məktəbdə direktor vəzifələrində işləmişəm”. 

O, həyatını Xasay Cahangirovla birləşdirərək ömrünü şairin yaradıcılığına, səhhətinin qorunmasına həsr edib. Eyni zamanda Xasay müəllimə sadiq bir dost, əsərlərinin nəşri üçün tərtibatçı, redaktorluq kimi məsuliyyətli işləri də öz öhdəsinə götürüb.

 

Solmaz xanım söhbətinə davam edir: “Xasay müəllimin təvazökarlığı, abır-həyası onu özünüreklamdan uzaq tutmağa vadar edirdi. “Əsas məsələ necə çap olunmaq deyil, necə və nədən yazmaqdır” deyərdi Xasay müəllim. Zamanında məşhurlaşmamağının və çox qısqanclıqla çap edilməsinin digər bir səbəbi də bəzi həmkarlarının hiyləgərliyi, paxıllığı, vəzifə kürsülərində əyləşənlərin doğru yazan jurnalistin, şairin şəxsi həyatına müdaxilə edərək guya kommunistə yaraşmayan hərəkət etməsini bəhanə gətirmələri idi...

Sumqayıtda cavanların bədii yaradıcılıqla məşğul olması üçün Xasay Cahangirov "Sumqayıtdan gələn səslər" adlı poeziya dərnəyi yaratmışdı və onların bədii yazılarını qəzetdə çap etdirirdi. Bu dərnək öz rəngarəng tədbirləri ilə Sumqayıtda gənc nəslin yetişməsində xüsusi rol oynamışdı. Dərnəyin ilk almanaxını Xasay müəllim çap etdirdi. Həmin dərnəyin davamiyyət jurnalına baxsanız, biləcəksiniz ki, bu gün respublikamızda tanınan bir çox şair və jurnalistlər həmin dərnəyin üzvü idilər. Çoxlarının Yazıçılar Birliyinə zəmanətini məhz Xasay müəllim vermişdi. Süleyman Rəhimov, Əli Vəliyev, Rəsul Rza, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, professor Mehdi Məmmədovla keçirdiyi möhtəşəm görüşlərin sənədləri, dəvətnamə, proqram nümunələri hamısı qalır”.

Solmaz Cahangirova deyir ki, Xasay müəllim gündüzlər bağda əkdiyi ağacların qulluğunda ola-ola beynində şeirlərini yazırdı: “Təbiəti çox sevirdi. İşini bitirdikdən sonra qələmi əlinə alırdı. Adəti üzrə deyərdi: "Oxu, gör necədir?" Heyrət məni bürüyürdü, əlində bel işləyəndə də ürəyində yazırdı, həm də necə gözəl? Bir qəribə hadisəni də demək istəyirəm. İki şeiri var ki, onları da yuxuda yazıb. Səhər oyananda dedi ki, bu gecə yuxumda bir şeir yazmışam, indi tez yazım ki, yadımdan çıxacaq. Bu şeirlər belə adlanır: "Az qala", "Gəlib". İkinci kitabında həmin şeirlər çap olundu”.

Xasay müəllimin humanist, dürüst insan olduğunu müasirləri tez-tez qeyd edirlər. Bu fikrə münasibətini soruşanda Solmaz xanım yenə xatirələr dünyasına baş vurdu. Gözləri bir nöqtəyə zilləndi və sonra dərin təəssüf hissi ilə maraqlı həyat hekayəsinə belə davam etdi: “Sovetlər dönəmində Xasay müəllimin işlədiyi qəzet bir çox insanların taleyində mühüm əhəmiyyət kəsb edirdi. Xüsusilə, Kommunist Partiyasının üzvü olan hər bir adam nəzarətsiz deyildi. Redaksiya plan üzrə şəhərin müxtəlif obyektlərinə reyd keçirirdi. Vətəndaşların məktubları əsas götürülürdü. Bu reydlər zamanı Xasay müəllim neqativləri üzə çıxarırdı, amma kimisə bədbəxt etməmişdi, çörəyinə mane olmamışdı, etdiyi yaxşılığın əvəzində bir təmənnası da olmurdu. Bir axşam işdən gəldi, plaşını soyundu, əlimə alıb asılqana asmaq istəyəndə cibindən bir zərf düşdü. İçində xeyli pul vardı. Xasay müəllim əsəbiləşib dedi: "Bir qadını uşaq bağçasında işə düzəltmək üçün xahiş etmişəm. Bayaq gəlib təşəkkür etdi, pul vermək istədi, geri qaytardım. Plaşım kabinetimdə asılqanda idi, görünür, xəlvətcə cibimə qoyub. Səhərə kimi yata bilmədi, özünü alçaldılmış hesab edirdi. Əgər pulu geri almazsa, həmin qadını işdən azad etdirəcəyini bildirdi.

Baxın, Xasay müəllimin gözükölgəliliyi olmayıb. Digər bir əhvalat. Təhlükəsizlik orqanına çağırılır, bir şair haqqında onun barəsində məlumat istəyirlər. Müsbət xarakterizə etdikdən sonra məmur hirslə onun qarşısına izahatlar qoyur ki, təriflədiyiniz adam haqqında görün ətrafınızdakılar nə yazıblar. Siz də onlar kimi yazın. Xasay müəllim "baş üstə!" deyib yazmağa razılaşır. Arxayınlaşan məmur otaqdan "Yazın, qoyun bura, indi gəlirəm" deyərək çıxır. Xasay müəllim həmin adamın Azərbaycanı necə sevdiyini, ədəbi birlikdə ancaq vətənpərvər çıxışlar etdiyini göstərir və imzası ilə təsdiq edir. Geri qayıdan "çox sağ ol" deyib kağızı nəzərdən keçirəndə əsəbdən titrəyərək kağızı cırıb atır”.

Xasay Cahangirovun ömrünün son günlərini necə yaşadığını xəbər alanda Solmaz xanım maraqlı bir epizod danışdı: “İki il öncə xəstəxanaya huşsuz halda aparmışdıq. Bizim üçün bir palata ayrılmışdı. Yanında qalırdım. Gözlərini ilk açanda məni gördü. Titrək əllərini çiynimə tərəf uzatdı, oraya düşən bir ağ teli götürüb mənə verdi. Yaddaşı iki-üç günə bərpa oldu. Mən palatanın bir küncündə işləyirdim. Kompüterdə onun əsərlərini korrektə edirdim. Bəzən hansısa bir misra və bir parça pozulanda özündən soruşub bərpa edirdim. Dərin yaddaşı vardı. Amma yaş və xəstəlik öz işini görməkdə idi. 60 gün xəstəxanada qaldıq. Yaşamasına ümid az idi. Evə gətiriləndən sonra yenə ağırlaşdı. Sonra yenə yaxşılaşmağa başladı. Özünü təmkinli aparır, bizə toxtaqlıq verirdi. Bir müddət sonra komaya düşdü, üç gündən sonra ayıldı. 30 gündə 26 şeir yazdı. Bu, çox qəribə idi. Şeirlər Azərbaycanın düşdüyü bəlalara, doğulduğu Məzrə kəndinə, atasına, öz şair taleyinə, dönüklərə aid idi... Xasay müəllim uzun sürən xəstəlikdən 20 avqust 2017-ci ildə dünyasını dəyişdi”.

Xasay Cahangirovun bədii yaradıcılığı öyrənilməyə, təbliğ edilməyə layiqdir. Şairin “Seçilmiş əsərlər”i iki cilddə işıq üzü görüb. Ancaq müəllifin çapını gözləyən xeyli əsərləri var. Onun şeirləri insanları həqiqi vətəndaş olmağa, cəmiyyətdə etibar qazanmağa səsləyir. Yazımı da müəllifin bu mənada düşüncələrini dəqiq əks etdirən “Gəzər” şeiri ilə bitirirəm:

Elə yara, eldən barın,
Azalmasın etibarın.
Eldən yazan sənətkarın
Söz-söhbəti eldə gəzər.

Nurlu əməl-yaraşığın,
Sozalmasın gur işığın.
Ürək çalan hər aşığın
Ürəyi də teldə gəzər.

Ötdü ömrün tən yarısı,
Saçlarımın dən yarısı.
Nə xoşbəxtdir bal arısı
Ömrü boyu güldə gəzər.

Bu torpağı, bu yurdu gəz,
El deyəni heç kim deməz.
Gördüklərin sözə gəlməz,
Yazdıqların əldə gəzər.

Xasay, yazın yazı olsa,
Qışı olsa, yazı olsa.
Ürəyinin sazı olsa,
Hər ürəkdə, dildə gəzər.

Afət İSLAM