Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: “Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının təşəbbüsü ilə İranın ustad sənətkarı, bəstəkar, dirijor Fərhad Fəxrəddininin yaradıcılığına həsr olunmuş onlayn elmi seminar təşkil olunub. Elmi seminar BMA-nın doktorantı, bəstəkar İlahə İsrafilova tərəfindən keçirilib.
Tədbirdə elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə iki qonşu ölkə arasında dostluq əlaqələrindən söz açıb. Bildirib ki, Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra iki ölkə arasında mədəni əlaqələr müxtəlif sahələrdə genişlənib.
Sonra elmi məruzə ilə çıxış edən İlahə İsrafilova seminarın ustad Fərhad Fəxrəddininin doğum gününə həsr olunduğunu bildirib.
O, bəstəkarın yaradıcılığının bir neçə istiqamətdə inkişaf etdiyini diqqətə çatdıraraq,
Fərhad Fəxrəddininin monumental əsərlər ərsəyə gətirdiyini, qədim Şərq musiqisini tədqiq etdiyini vurğulayıb. Daha sonra bəstəkarın məşhur əsərləri arasında “İbn Sina” süitası, Azərbaycan tarı üçün yazılmış konsert və “İmam Əli” tarixi serialından saundtreki nümayiş etdirilib.
Seminarda Fərhad Fəxrəddininin Azərbaycan tarı üçün yazdığı konsertin ilk dəfə ifa etmiş Xalq artisti, elmi laboratoriyanın baş elmi işçisi, professor Ramiz Quliyev Azərbaycan-İran mədəniyyət əlaqələri, ustad bəstəkarla yaradıcılıq ünsiyyəti, Fərhad Fəxrəddininin dirijorluğu ilə konsertdə çıxışı haqqında söhbət açıb.
Onlayn seminarda çıxış edən İranın Azərbaycandakı Səfirliyinin Mədəniyyət mərkəzinin sədri Əli Purmərcan musiqi sahəsində əlaqələrinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb və Azərbaycanda elan olunan “Nizami Gəncəvi İli”ndə iki ölkə arasında birgə layihələrin keçirilməsini arzulayıb.
Elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, Xalq artisti Zümrüd Məmmədova İranda iştirak etdiyi konsert və festivallar barədə danışıb.