Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində Azərbaycanın tanınmış qadın şairlərinin portretləri, əsərlərinə çəkilmiş illüstrasiyalar, əsərlərinin tamaşaları ilə bağlı fotoşəkillər, müxtəlif nəşrlər nümayiş olunur.

Azərbaycan klassik ədəbiyyatı yüksək bəşəri ideallar, təmiz, müqəddəs və xeyirxah hisslər xəzinəsidir. Cüng və təzkirələri bəzəyərək dillərdə gəzən, titrək bir qəlbin çırpıntılarını əks etdirən qadın şairlərin şeirləri, rübailəri, qəzəlləri xalqın qəlbinə yol tapmış, dildən-dilə, nəsildən-nəslə keçərək bu günə qədər gəlib çatmışdır.

XII əsrdə Azərbaycanda başlamış İntibah poeziyasının ən istedadlı nümayəndələrindən olan Məhsəti Gəncəvinin klassik Azərbaycan ədəbiyyatının yüksək zirvələrində duran parlaq ulduzlarından biri sayılmışdır. Məhsəti böyük Nizaminin vətəni Gəncədə yoxsul bir zahidin ailəsində anadan olmuşdur. Atası, Məhsətini hələ kiçik ikən məktəbə qoymuş, ona elm və ədəb öyrətməyə çalışmışdır. Məhsəti on yaşında olduğu zaman atası onu musiqi müəlliminin yanına qoyub ona musiqi sənətini öyrənməyi tapşırmışdı. Məhsəti gözəl bir musiqiçi olmaqdan başqa, gənc yaşlarından şeir yazmağa böyük həvəs göstərmiş və tez bir zamanda məşhur bir şairə kimi tanınmağa başlamışdır. Məhsəti öz istedadı və biliyi ilə tanınıb dövrünün alimlər, şairlər məclisinə yol tapa bilmişdir. O, şeir məclislərinin canlı bəzəyi idi.

Rübai janrının görkəmli sənətkarı kimi tanınan Məhsəti Gəncəvinin rübailərinin əksəriyyəti məhəbbətə həsr olunmuşdur. Onun sevda ilə çırpınan rübailərində sevən bir qəlbin həyəcanlarını, saf və real bir eşqin ifadəsini görürük.

Gəncənin qiymətli incisi sayılan Məhsətinin insanı heyran edən, nur saçan gözəl siması istedadlı rəssam N.Əliyev tərəfindən incə zövqlə rəsmə alınmış portreti muzeyin ekspozisiya zalında vüqar və əzəməti ilə nəzər diqqəti cəlb edir.

Məni kam almağa qoymadı zaman,
Gücü çatan qədər eylədi divan.
Deyəsən, əhd etmiş dolandıqca hey,
Məni də özüylə hərlətsin dövran.

Ədəbi fəaliyyətinin ən gözəl dövrünü Sultan Səncərin sarayında keçirən Məhsətinin bəzən dəbir (katib) kimi xatırlanması onun həm də yüksək savada malik bir ziyalı olduğunu göstərir.

Xoşbəxtlikdən Məhsətinin irsi itib-batmamış, şeir həvəskarları onunn rübailərini əzbərləmiş, haqqında dastan yazmış, rəvayətlər söyləmişlər. “Əmir Əhməd və Məhsəti” adlı dastan şairənin həyatı, yaradıcılığı və şeirləri əsasında yaranmışdır.

Rəssam T.Əliyev və P.Nuriyevanın Məhsəti Gəncəvinin rübailərinə çəkilmiş illüstrasiyalar və müxtəlif şeirləri ekspozisiyada nümayiş etdirilir.

Klassik qadın sənətkarların qəlbinə xitab edə bilmək, onların kədər və sevinclərini, mənəvi aləmlərini dərindən duymaq, hiss etmək, xalqa çatdırmaq ən böyük xoşbəxtlikdir. Bu cəhətdən Nigar Rəfibəylinin uğurlu tərcümələri nəticəsində dillər əzbəri olan Məhsəti rübailəri Azərbaycan ədəbiyyatında mühüm rol oynamışdır.

1940-cı ildə ədəbiyyatşünas Həmid Araslının redaktorluğu ilə ilk dəfə “Azərnəşr” tərəfindən Məhsətinin Azərbaycan dilində rübailəri nəşr edilmişdir. Müasir ədiblərimiz, şairlərimiz, alimlərimiz Məhsəti Gəncəviyə şeirlər, poemalar həsr etmiş, məqalələr yazmışlar. Məhsəti surətini ilk dəfə ədəbiyyatımıza gətirənlər arasında ən əvvəl Məmməd Səid Ordubadinin adını çəkməliyik. Nizaminin həyatı və dövrünə həsr edilmiş “Qılınc və qələm” romanı M.S.Ordubadi yaradıcılığının mühüm pillələrindən idi. Əsərdə Nizami müasirlərindən biri kimi Məhsətiyə də müəyyən yer verilmişdir.

Şair Kəmalə Ağayevanın “Məhsəti” mənzum faciəsi məşhur klassikin bədii obrazının yaranması yolunda daha bir addıma çevrildi. Əsərdə yeri düşdükcə “Məhsəti və Əmir Əhməd” dastanının əlyazmasındakı motivlərdən də istifadə edilmişdir. Qeyd etmək lazımdır ki, bu, hələlik Məhsətiyə həsr edilmiş ilk səhnə əsəridir.

K.Ağayevanın “Məhsəti”si çox keçmədən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor Baxşı Qələndərlinin quruluşunda müvəffəqiyyətlə tamaşaya qoyulur. Tamaşada Məhsəti obrazını Xalq artisti Zəroş Həmzəyeva ifa edir.

“Xanımlar xanımı”, “Yüksək zövqlü şairə”, “Qocalmayan gözəl” kimi xarakterizə olunan Məhsəti Orta əsr qadın şairlərinin ən qüdrətli nümayəndəsidir. Ədəbiyyatşünas alim, akademik Rafael Hüseynov yazır: “Məhsətinin şeirlərini oxuduqca sezirsən ki, bu səs qadın səsidir”.

Məhsətiyəm, oldum gözəllərə tağ,
Hüsnümü vəsf edir Xorasan, İraq,

– deyən şairənin ömür yoluna nəzər saldıqda görürük ki, həqiqətən də, Məhsəti xanımlar xanımıdır.

Ekspozisiya zalında “Məhsəti necə varsa” (R.Hüseynov), “Rübailər aləmində” kitabları, habelə şairin rübailərinə çəkilmiş illüstrasiyalar və K.Ağayevanın “Məhsəti” əsərinin tamaşasından fotolar özünəməxsus yer tutur.

***

Klassik Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri də XVIII əsrin sonu -  XIX əsrin əvvəllərində yaşayıb-yaratmış şairə Heyran xanımdır.

Azərbaycanda məşhur Dünbili-Kəngərli tayfasından olan Heyran xanım XVIII əsrin 90-cı illərində Naxçıvan şəhərində dünyaya göz açmışdır. Onun haqqında ilk dəfə “Ərməğan” məcmuəsində məlumat verən Hacı Məhəmməd Naxçıvani Heyran xanımın naxçıvanlı Kərim xan Kəngərli Dünbilinin bacısı olduğunu bildirmişdir.

Gənc yaşından ailəsi ilə birlikdə İrana köçürülmüş Heyran xanımın el-obasından, xüsusən nişanlısından ayrı düşməsi onu həddən artıq kədərləndirmişdir. Şeirlərində vətən həsrəti, hicran dərdi mühüm yer tutduğundandır ki, vətəndə ölməyi qürbətdə yaşamaqdan üstün sayan şairə “Ey mənim kimi ürəyini məhəbbətə verənlər, yarından və diyarından ayrı düşənlər” deyə fəryad edir.

Heyran xanım bir müddət Urmiyada və Xoyda yaşadıqdan sonra Təbrizə gəlir. Təbrizdə yaxın adamlarından birinə ərə getsə də, ailədə fərəhli gün görmədiyindən, bir şeirində “Cavankən qoca oldum əfsus, öz ömrümdən dilgir oldum əfsus” deyə şikayətlənir.

Heyran xanımın əsərlərində dünyəvi hiss və arzular hər şeydən yüksək tutulur. O, gözəl saydığı hər şeyi həyatda görür. Onun ilham mənbəyi gözəllik və həyatdır.

Şeir və sənətin gözəlliklərini onun nikbinliyində görən Heyran xanım bədbin ruhlu şeirlərindən özü narazı qalaraq şövqlə qələmə aldıqlarını “inci danəsi”, “qiymətli  dürr” adlandırırdı.

Əgər şerim şikəst olsa, mənə etmə məlamət kim,
Şikəstə söz bəyan etmək, şikəstə təbə qanundur,

– deyərək qəzəllərinin nikbin və bədbin olmasının səbəbini özünün əhval-ruhiyyəsi ilə əlaqələndirirdi.

Tədqiqatçı Qulam Məmmədli haqlı olaraq yazır: “Şairə istər şəxsi həyatında, istərsə də şeirlərində pak və yüksək bir məhəbbətin müğənnisi olaraq qalır”.

Heyran xanım uzun ömür sürmüş, 80 il yaşamışdır. Əsərlərində qocalmasına, saçlarının ağarmasına işarə edərək “başıma qocalıq qarı yağır” demişdir. Heyran xanımın şəxsiyyəti ilə maraqlanan rəssamlardan Xalq rəssamı Oqtay Sadıqzadə yağlı boya ilə çəkdiyi “Heyran xanım”ın oturmuş vəziyyətdə portreti və Xalq rəssamı Maral Rəhmanzadə tərəfindən şairənin rübailərinə, qəzəllərinə çəkilmiş illüstrasiyalar muzeydə müəllifin həyat və yaradıcılığına həsr edilmiş guşədə öz əksini tapmışdır. 

***

Azərbaycanın Qarabağ bölgəsi, xüsusilə Şuşa bir çox şair, bəstəkar, rəssam, xanəndə və s. sənətkarlar yetirmişdir.        Bu sənətkarlardan biri Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixində xüsusi yer tutan şair, xeyriyyəçi Xurşudbanu Natəvandır.

Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını vermişdir. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sonuncu vərəsəsi olduğu üçün onu sarayda “Dürri-yekta (“Tək inci”)”, el arasında isə “Xan qızı” çağırmışlar.

Xurşudbanu dövrünün şairlərini öz ətrafına toplayaraq “Məclisi-üns” (“Dostluq məclisi”) ədəbi-məclisini yaratmış, “Natəvan” (kimsəsiz, köməksiz) təxəllüsü də ona məhz bu məclisin qərarı ilə verilmişdir.

“Məclisi-üns”ün təşkili ilə Natəvanın yaradıcılığında yeni bir mərhələ başlanır. Şeirləri əsl sənət nümunəsi kimi qiymətləndirilir.

Dövrü dönmüş dövr, dövran etmədi kamımca ah,
Düşmənimdir, bilməzəm ki, getmişəm dövranə mən,

– deyən Natəvan üsyankar motivli şeirlərində xalqının dərdini, iztirabını yanıqlı bir dillə ifadə etmişdir.

Akademik Bəkir Nəbiyev Natəvan yaradıcılığına yüksək qiymət verərək yazır: “Natəvan az yazmışdır. Az yazması Natəvanın bir sənətkar kimi parlamasına mane olmamış, bəlkə də əksinə, dağ çeşməsi kimi dərinliklərdən sızıb gələn sənətinin şəffaflığını artırmışdır”.

Muzeydə nümayiş olunan eksponatlardan biri də O.Sadıqzadənin çəkdiyi “Natəvan” portretidir. Bu rəsmdə zərif bir çiçək kimi Şuşa dağlarında boya-başa çatmış Natəvanın qənirsiz gözəlliyini yüksək zəka və fitri istedadını görürük. Ekspozisiyada həmçinin N.Mahmudovun “Xurşudbanu Natəvan” portreti, şairənin əsərlərinə çəkilmiş illüstrasiyalar, əl işlərinin fotosu və müxtəlif illərdə nəşr olunmuş şeir kitabları və B.Məmmədovun “Xurşudbanu Natəvan” kitabı və s. nümayiş olunur.

***

Naxçıvanda yaşayıb-yaratmış şairə Qonçabəyim də yaradıcılığı ilə diqqətləri cəlb etmiş qələm sahiblərindən olmuşdur. O, təxminən 1827-ci ildə Naxçıvanda Ehsan xanın ailəsində doğulub. Gürcü şairi Nikoloz Barataşvili dönə-dönə Ehsan xanın sarayına getmiş və burada Qonçabəyimlə tanış olmuşdur. Gürcü şair altı ay idi ki Naxçıvanda qəza rəisinin müavini işləyirdi. O yazmaq, yaratmaq vurğunu idi. N.Barataşvili hələ uşaqlıqdan Azərbaycan dili ilə tanış idi və bu dili çox gözəl bilirdi...

Qonçabəyim haqqında ilk məlumata Barataşvilinin 1845-ci ildə Naxçıvandan dayısı qızı Maiko Orbelaniyə yazdığı məktubunda təsadüf olunur. Həmin məktubda şair yazır: “İndi Naxçıvanda Qonçabəyim adında 18 yaşlı bir qızın mahnıları məşhurdur. O, xan qızıdır, çox gözəl və cazibədardır. Yazıq öz ərindən çox yanıqlıdır, ondan ayrılmaq istəyir. Binəvanı 12 yaşında ikən ərə vermişlər. Əgər onların həyatını bilsəydiniz, gözəl bir romandır”.

Bəs Barataşvili Qonçabəyimlə necə tanış olmuşdu? Gürcü şairi Naxçıvanda yaşadığı zaman şəhərdə ədəbi məclislər var imiş. Bu məclislərdən biri “Qonçeyi- ülfət” adı ilə məşhur idi. Qonçabəyim də bu məclislərdə iştirak edirdi. Bu ailədə hamı şeirə, sənətə, musiqiyə vurğun idi. Buna görə də Ehsan xan tez-tez poeziya həvəskarı Nikolozu evinə dəvət edirdi. Bu evdə saatlarla Avropa və Şərq ədəbiyyatı haqqında söhbət gedər, şeirlər oxunardı. Belə məclislərin birində Ehsan xan Nikolozu şairə qızı Qonçabəyimlə tanış etdi. Nikoloz sonra bildi ki, Qonçabəyimin ağızdan-ağıza gəzən şeirləri, könül oxşayan nəğmələri var. Tiflisdə xanəndə Səttar onun şeirlərini çox yanıqlı oxuyurdu...

Filologiya elmləri doktoru Əsgər Qədimov “M.T.Sidqinin həyat və yaradıcılığı” adlı kitabında yazır: “Şübhəsiz “Əncüməni-şüəra” ilə “Qonçeyi-ülfət” ədəbi məclisləri arasında ünsiyyət və əlaqə var idi. Belə bir şəraitdə Qüdsi Vənəndi Kəngərlilərin Naxçıvan polkunun komandirlərindən olan Sərkar Fərrux ağanın buyruğu ilə Qonçabəyimə “Ələ düşməz” rədifli xüsusi məktub-tərifnamə yazmış və bu şairə qadının gözəlliyini nəzmə çəkərək onunla ədəbi yaradıcılıq əlaqəsi yaratmışdır.

Onu da qeyd edək ki, şair Müzəffər Nəsirlinin şairəyə həsr olunan “Qonçabəyimin nəğməsi” ikihissəli faciə yazmışdır. Əsər Xalq artisti Rövşən Hüseynovun quruluşunda Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur.

Naxçıvan Ədəbiyyat Muzeyində N.Əliyevin “Qonçabəyimin portreti”, şairənin şeirlərindən nümunələr, onun haqqında deyilmiş sözlər, habelə şair Budaq Təhməzin “Qonçabəyim” adlı poeması ziyarətçilərə təqdim olunur.

Beləliklə, deyə bilərik ki, klassik poeziyamızın üfüqlərində parlayan qadın şairlərimiz yandırdıqları nurlu sənət çırağını əsrlərdən-əsrlərə ləyaqətlə götürərək onu sönməyə qoymamışlar. Bu zəngin söz-sənət xəzinəsi C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin zallarını da işıqlandırır.

Zenfira SEYİDOVA
Naxçıvan Dövlət Universitetinin müəllimi