Media və QHT rəhbərlərinin, ictimai fəalların Ağdam rayonuna səfəri

İşğaldan azad olunmuş torpaqlarımıza hər dəfə səfər edəndə insan qarışıq hisslər keçirir. Bu, bir tərəfdən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı Qələbənin doğurduğu hiss, zəfər hissidir. Digər tərəfdən, bu xarabalıqları müşahidə edərkən istər-istəməz məyus olursan. Ancaq əminik ki, dövlətimiz Azərbaycan Prezidentinin rəhbərliyi altında Ağdamı, digər bölgələrimizi  bərpa edəcək və bu yerlər yenidən gözəl görkəmini geri qaytaracaq.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu fikirləri martın 13-də media və QHT rəhbərləri, blogerlər və ictimai fəallardan ibarət heyəti ilə Ağdam rayonuna səfəri zamanı deyib.

Dövlət başçısının tapşırığına əsasən həyata keçirilən səfər zamanı heyət əvvəlcə rayonun Baş Qərvənd kəndi ərazisində Bərdə-Ağdam dəmir yolu xəttinin ətrafının minalardan təmizlənməsi əməliyyatları ilə tanış olub. Minatəmizləmə Agentliyinin nümayəndəsi İdris İsmayılov məlumat verib ki, bir aydan çoxdur bu ərazi Ermənistan ordusunun basdırdığı minalardan təmizlənir. İndiyədək 37 min kvadratmetrdən çox ərazi yoxlanılıb.

Sonra heyət işğal dövründə yerlə yeksan edilmiş Ağdam şəhərinə gəlib. Burada əvvəlcə Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığı ziyarət edilib. Məlumat verilib ki, Qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, həmçinin İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşudbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. 1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini, Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

Diqqətə çatdırılıb ki, Ağdamda məhv edilən infrastrukturdan biri də rayonun “Qarabağ” futbol klubunun meydançası olmuş “İmarət” stadionudur. El şənlikləri, festivallar, incəsənət xadimlərinin konsertləri də bu stadionda təşkil edilərdi. Yaxınlıqda Natəvanın heykəli ucaldılmışdı. İndi onlardan əsər-əlamət qalmayıb.

Nümayəndə heyəti Ağdam Şəhidlər xiyabanının acınacaqlı vəziyyəti  ilə də tanış olub. İşğalçılar xislətlərinə uyğun olaraq, buradakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar. Xocalı soyqırımı şəhidlərinin bir hissəsi burada dəfn edilmişdi. Milli Qəhrəman Allahverdi Bağırovun qəbri də buradadır. Səfər iştirakçıları Milli Qəhrəmanın da məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Sonra Ağdam Cümə məscidi ziyarət edilib. Məscidin tarixi və erməni barbarlığı barədə məlumat verilib. Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilib. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, yazıları bilərəkdən tanınmaz hala salınıb.

Heyət daha sonra Ağdam rayonundakı Şahbulaq qalasında olub. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilib. Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib. Düşmən 1993-cü ildə Ağdamı işğal etdikdən sonra Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.