Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Vətən müharibəsində şəhid olan əməkdaşı Əliağa Məmmədovun xatirəsinə həsr edilmiş videoçarx hazırlanıb.

Əliağa Məmmədov 2001-ci il iyulun 26-da Bakının Sabunçu rayonunda anadan olub. Milli Qəhrəman Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbi bitirib. Uşaqlıqdan cüdo idman növü ilə məşğul olub, müxtəlif yarışlarda iştirak edib.

Sonradan peşə təhsili alaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıq operatoru kimi fəaliyyətə başlayıb. Hərbi xidmətə də teatrdan yollanıb. 2020-ci ilin Vətən müharibəsində Tərtər-Ağdərə istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, videoçarx teatrın gənc aktyoru Zaur Əliyev tərəfindən həmkarının xatirəsinə ithaf edilib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin rəhbərliyi ilə hazırlanan videoçarxda qəhrəman “İşıq adam” deyə təqdim edilir. Videoçarxın səsləndirilməsində müəlliflə yanaşı, teatrın solisti, Prezident mükafatçısı Əmrah Dadaşov da iştirak edib.

Xatırladaq ki, teatrın yaradıcı heyəti şəhidin əziz xatirəsinə ithaf olaraq bundan öncə də “Döyüşən teatr” (rejissor: S.Qulamov) adlı videofilm çəkib.