Daşkənddəki “Turan” kitabxanasında guşə açılıb
Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Daşkənddəki “Turan” Kitabxana-İnformasiya Mərkəzində “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı guşənin açılış mərasimi keçirilib.
Qarabağ guşəsi 2019-cu ildə Azərbaycan Mədəniyyət Mərkəzi ilə “Turan” kitabxanası arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən təşkil edilib.
Mərasimdə məlumat verilib ki, Qarabağ guşəsində Azərbaycan xalqının əsrlərlə bu diyarda yaratdığı mədəniyyət, ədəbiyyat, musiqi haqqında stendlər sərgilənəcək.
“Turan” Kitabxana-İnformasiya Mərkəzinin direktoru Dildora Abduazizova bildirib ki, eyni soy-kökə, mədəniyyət, adət və ənənələrə məxsus olan xalqlarımız arasında tarixi əlaqələr müstəqillik illərində yüksək səviyyəyə çatıb. D.Abduazizova Qarabağ guşəsinin dostluğumuzu, Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini nümayiş etdirəcəyini bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Qarabağın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıb. Vurğulayıb ki, 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra indi Qarabağın dirçəliş dövrü başlanır. Çıxışının sonunda S.Abbasov “Azərbaycan xalçaları: Qarabağ qrupu” kitabını “Turan” kitabxanasına hədiyyə edib.
Özbəkistan mədəniyyət nazirinin köməkçisi Marufjon Yuldaşev tarixi dostluq, iki ölkə arasında yüksək səviyyəli əlaqələr və dövlət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərdə yeni imkanlar açdığını qeyd edib.
Özbəkistan Yazıçılar İttifaqının sədr müavini Gayrat Majid isə Azərbaycanda elan olunan “Nizami Gəncəvi İli”ndə AMM ilə birgə həyata keçiriləcək layihələrdən danışıb.
Mərasimdə 2017-ci ildə AMM-in layihəsi ilə hazırlanmış “Azərbaycan, Qarabağ, sülh və Qələbə üçün oxu” klipi nümayiş etdirilib. Özbəkistan Mədəniyyət və Sənət Universitetinin tələbələri “Qarabağ şikəstəsi”nin sədaları altında milli geyimlərimizi nümayiş etdiriblər. AMM-in “Azərbaycan qızları” ansamblı milli rəqslərimizi ifa edib, “Arşın mal alan” operettasından parçalar təqdim olunub.
Qeyd edək ki, Qarabağ guşəsində qədim diyarımızın mədəni irsi, abidələrinin maketi, xalçaları, milli musiqi alətləri, fotolar, müxtəlif nəşrlər, habelə AMM-in dərnək üzvlərinin hazırladığı “Xarı bülbül” ikonası nümayiş etdirilir.