Sənətdə də, sevgilərində də bənzərsiz, fədakar Cülyetta Mazina…
Nə vaxtsa məşhur aktrisa olacağını ağlına belə gətirməyən bu qızcığaz gimnaziyanı bitirdikdən sonra qəbul olunduğu universitetin tələbə teatrında iştirak edir. Bir müddət sonra onu radio tamaşalarına dəvət edirlər. Və… burada səsləndirdiyi ssenarilərdən birinin müəllifi kim olsa yaxşıdır? Bu böyük sənət biçimli qadını “balaca qızcığaz” adlandırmış nəhəng Federiko Fellini! O (bütün dünyanın tanıdığı Fellinidən “əlavə”) Fellini ki, bu qadın haqda dediyi çox xoş, çox səmimi sözləri içərisində daha çox bu xanıma borclu olması haqda bir fikir yoxdur. Axı, “balaca qızcığaz” öz “daha dünyəvi aktrisa olmaq” arzu-istəyini bu kişinin “Kino-Kral” şöhrəti üçün güzəştə gedib...
Bir zamanlar İtaliya çevrəsində tez-tez səslənən (və yazılan): “Bu bir həqiqətdir ki, Mazinanı bütün dünyada məşhurlaşdıran Fellinidir” sözləri hər dəfə belə bir qənaətlə qarşılanıb: “Bu da həqiqətdir ki, Mazina Fellinini yaratmış qadındır”.
Yeri gəlmişkən, C.Mazina dahi aktyor Marçello Mastroyaninin də həyat yolunu dəyişənlərdən olub. Belə ki, söhbət zamanı müsahiblərini tək elə fikirlərindəki aydın məntiqlə yox, həm də səs çalarları ilə heyran edən bu qız Roma Universitetində birgə təhsil zamanı “teatr mənim həyatımdır, ondan ayrılığı – sudan ayrılmış balıq taleyi hesab edərdim” deyib durmuş Marçelloda tezliklə “qarşısıalınmaz” bir kino marağı oyadıb. Ancaq, yaxın gələcəyin “Aktyor-Kral”ı olası bu gənc (və çox yaraşıqlı!) tələbənin “yoldəyişimi” prosesindəki “katalizatorluğu”, öz “Kino-Kral”ı ilə bağlı nüansdan tam fərqli olub; aralarında yalnız sənət sevgisi yaşanıb.
Deməzsizmi, bu məqamda Mazina dünyası ilə bağlı saysız olaylar, xatirələr içərisindən niyə məhz bu faktı xatırlatdım? Sadəcə, diqqəti “bu balaca qadın”ın bu “növ” sevgidə də mahir olmasına yönəltməkçün…
Hə, Mazina tək elə Fellini fenomenini yox, həm də onun rejissor təxəyyülündəki “bədii qadın” obrazları içərisindəki “baş qəhrəman”ın böyük ekran təcəssümünü yaratmış –
Qadın…
Həm də yalnız Fellininin yox, dünya tamaşaçılarının (tarixən və hər zaman) həyat-sənət, sənət-həyat ekvivalentliyini yarada bilən istedadlı qadınlardan biri.
Bəri başdan deyim ki, haqqında yazmaq fikrinə düşdüyüm andan bu aktrisanın yalnız “Yol” filmindəki obrazından bəhs etməyi qərarlaşdırmışam. Nədən ki, çəkildiyi filmlər onun sənət-yaradıcılıq aləmi haqda çox ətraflı danışıb. Hamının gözü qarşısında olan bu aləmin sehri öz yerində, onun şəxsi həyatı isə yalnız dilsiz yazılarda, dəbərişsiz xatirələrdə…
Hə, lütfən, təkrar-təkrar tamaşa etməkdən doyulmayan “Yol” filminin bəzi fraqmentlərinə bu yazı cüzündə də baxın: …Zampanonun, özü üçün heç nə ilə əlamətdar, yeni, maraqlı olmayan növbəti gəlişini gözləyən bu Celsomina-Cülyettanın gözlərindəki bu “sevinc” hardan, nədən, nəmənədən təcəlla edir, əcəba? …Rahibələr evinə yaxınlaşırkən “motosklet-maşın”dan düşüb qucağına qaçdığı dənizi “ilk dəfə görürmüş”lüyün şəbehini kim bu sayaq çıxara bilər, canım? …Həmin evdə gecələməli olurkən o kor-kobud Zampanonun az qala bir əsrdir davam edən laqeydliyindən usanıb-küsənmiş bu yiyəsiz qadının çəkincək hal-hərəkətlə onun yatağına yaxınlaşıb dediyi (Zampano, yəni sən məni azacıq da olsa sevmirsən?) sözlərin onun dilindənmi, sir-sifətindənmi doğulduğunu kim ayırd edə bilər, əfəndilər?!...
Bu məqamda deməmək olmur ki, Cülyetta Fellininin yalnız elə həyat yoldaşı, tanıdığı (və bəzən, şəxsinə qarşı aşırı iltifat-ixtilatda olan bəzilərini pərişan etmədiyi) əks-cins nümayəndələrinə nisbətdə ən çox sevdiyi qadın, təkcə yaradıcılıq prosesilə məhdudlaşmayan layihə-müzakirə dostu yox, “bütöv dünyasının adamı” olub. Sən demə, “fərdi kinoindustriyası”nın ən sadiq, ən ayıq (sözəbaxan, fikri göydə tutan) aktrisası, pavilyon köməkçisi, bənzərsiz ilham mələyi olan Mazina bu dahi rejissorun “Yol” şedevrində oynadığı (yaşadığı!) obrazın analoqu hesab ediləsi “Celsomina”varı bir “həyat yolu” təcəssümü imiş…
Beləliklə –
50 il + 1 gün
Aktrisa olacağını ağlına belə gətirməyən bu “balaca qızcığaz”la “dünyanı fəth” arzulu o nəhəng birgəlikdə bu qədər yaşayıblar…
Fellini bu haqda deyərmiş: “Bir adam biri ilə həyatının 50 ilini keçirirsə, o zaman bütün xatirələr, “bank hesabı” kimi, birindən obirinə də keçir. Bu hesabla biz cütlük “yaşayan qeyd dəftəri”yik”.
Onları “Yeni, ancaq daha “yapışqanlı” Romeo və Cülyetta” adlandıranlara isə: “Görəsən, Romeo və Cülyetta evliliklərinin 50-ci ildönümünü necə yaşardılar? Bu illər boyunca sevgiləri də yaşardımı?”.
Bəs bu birgəlikdə yaşanmış sevginin dərəcəsini hansı rəqəmli nələr-nəsnələrlə ifadə etmək olar, görəsən? Bu xüsusda çox sözlər söyləmiş italyanların onları tarixdəki real cütlüklərlə müqayisə etməmələri isə mənə bir qədər təəccüblü görünür (məsələn, Salvador Dali rəssam kimi məşhurlaşmasında o qədər də fədakarlıq etməmiş xanımının öz xoş təlqinlərilə onu adi bir xəstəlikdən qurtardığına görə, sonrakı əsərlərini “Qala-Salvador Dali” sözlərilə imzalayır və günlərin bir günü deyir: “Mən Qalanı atadan, anadan, Pikassodan və hətta puldan da artıq sevirəm!”).
Gimnaziyanı bitirib, arxeologiya istəyilə universitetə daxil olan, tələbə teatrında rollar alan bu qızcığazın bir radiotamaşadakı səsini eşidən Fellini ağlını itirir; “bu qız lap su pərisi səsilə oxuyur ki!...”.
Hələ yalnız səsiylə sehrləndiyi bu qızı həm də olduqca gözəl təsəvvür edən Federiko “yeniyetmələrtək balaca və çox da cazibədar olmayan”, “Gözləri sahibini itirmiş küçüyün gözlərinə oxşayan” Cülyettanı görəndə çaşıb qalır. Ondan “İçimdə həmişə aktrisa olmaq arzusu yaşayıb və yalnız özümü oynamaq istəmişəm; maskasız, qrimsiz...” sözlərini eşidərkən bu gələcək Kino-Kralın xəyalında “maraqlı perspektiv” ehtimalı yaranır. Ani pauza ardınca qulaqlarında partlayış salan “Daha böyük arzum isə sevgidən ölməkdir!” kəlmələrindən sonra isə “dünyanın ən gözəl və ən maraqlı xanımı” ilə rastlaşdığı qərarına gəlir.
Fellini isə Cülyettanı dərhal ovsunlayır və elə ilk gündən anlayır ki, bu ipə-sapayatmaz sentimentalın qurduğu dünyanı uçurmaq olmaz.
Bu qız sevgi-sədaqət dərsini hələ öz valideynlərindən alıbmış; qonşu pıçı-pıçılarından öyrənibmiş ki, çox istedadlı violonçelçi olan atası öz sevgisi naminə (gələcək qayınanasının “ciddi qazanc işin olmayınca, qız da olmayacaq!”) çox sevdiyi musiqiçilikdən imtina edərək zavodda kassirliyə başlayıb.
Atasının bu fədakarlığından vəcdə gələn Cülyetta hələ yeniyetməliyindən öz həyatını məhz bu tip fədakar kişiyə bağlamaq arzusuyla yaşayıb və “dəlicəsinə sevgi, layiq övlad, şəxsi ev” “obraz”ını Federikoda görüb. Elə ilk günlərdən də anlayıb ki, bu istedad və qəribəliklər mücəssəməsinin öz aləmində qurub-yaratdığı özəl dünyanın bircə naxışına da toxunmaq olmaz!
Sevimli ərindən törəyəsi uşağa bənzərsiz ana olmaq istəyilə yaşayan, hamiləliyini bildiyində qeyri-adi sevinc hissləri keçirən bu xanım bir gün qəflətən pilləkəndən yıxılıb... uşağı itirir. İkinci hamiləliyində eyni yaşantılar və hələ doğulmamış körpənin adını diləgətirmə: “Federiko! Sevimli həyat yoldaşının adını (və bəlkə şöhrətini də) daşıyası sevimli oğul!...”.
Lakin doğuş uğurlu keçsə də, körpə ikicə həftə yaşayır.
Bu azmış kimi, həkimin dəhşətli diaqnozu: “Daha uşağınız olmayacaq”!
Bir müddət sonra ərindən “övladlığa uşaqgötürmə” məsləhəti eşidən Cülyetta: “Yox, Federiko, – deyir, – mənim uşağım var! Mənim Federiko Fellinim var!” – deyir.
Bu an qədim bir deyim yada düşür: “Dahilər ya az yaşayır, ya kasıb olur, ya da sonsuz”. Bu ikilikdə o “triptix”in sonuncusu yaşanıb.
Cülyetta ilə tanışlığının elə ilk dəqiqələrindən Federikonun qəlbində, sonralar etiraf edəcəyi belə-belə fikirlər yaranıb: “Mən tək elə onun özünə yox, gözlərindəki əksimə də vuruldum: Mən o gözlərdə o qədər qəşəngdim ki!”, “Cülyetta ilə ilk görüşüm taleyin hədiyyəsi imiş; inanmıram ki, mənim zövqümə, ideyalarıma tam cavab verən Mazinadan yaxşısını tapa biləydim!”, “Cülyettaya inanıram. Ona görə də, dinə ehtiyacım yoxdur”, “İlk vaxtlar Cülyetta mənin quraşdırdığım səhnəcikləri səsləndirirdi, sonralar bütün həyatımız belə oldu” və s.
“Gözləri sahibini itirmiş küçüyün gözlərinə oxşayan balaca qadın”… Federikoya məxsus bu deyim Cülyettanı bütün foto, rəsm və afişalarındakından daha real canlandırır, daha canlı təqdim edir, daha bütöv portretləşdirir, zənnimcə. Bu deyimin yiyəsi bir çox həyat-məişət “kadr”larında bu “küçük gözlü” xanımla “Yol”dakı Zampanovarı davranmış olsa da, bu “balaca qadın” onun nəinki sağlığına, ölümünə belə sədaqətdə qalıb…
Hə –
Ayrılıq…
Bu cütlüyün “Romeo”sunun ürəyi 31 oktyabr 1993-də dayanıb. Bir gün əvvəl “qızıl toy”ları qeyd edilməli idi...
BİRİNCİnin dəfnində Romadan Riminiyə (doğulduğu şəhərə) matəm korteji, izdiham seli axıb, “Bu ölüm Kinonun bu yüzildəki ən böyük itkisidir” deyilib, kino tarixilə bağlı söhbətlərdə “Felliniöncəsi”, “Fellinisonrası” epoxalar kimi fikirlər səslənib.
“Dözülməz Federikosuzluqdan”, “baş tutmayan “qızıl toy”dan sonra “ah-vay”la keçən yüz əlli bir gün “yaşaya” bilən İKİNCİnin dəfni isə, daha çox, öz sevgi fəlsəfəsinin yekunu olan vəsiyyəti (və yaxınlarının buna əməl etməsi) ilə yaddaşlara həkk olunub: Cülyetta “Dünya kinosu Kralı”ndan çox, “Öz məhəbbət Kralı” hesab etdiyi Federikosunun portretini qucaqlamış halda məzara qoyulub...
Tahir ABBASLI