Yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən, şeirləri ilə oxucu məhəbbəti qazanmış qələm sahiblərindən biri də Xalq şairi Cabir Novruzdur. Görkəmli şair lirik poeziya nümunələri ilə Azərbaycan ədəbiyyatına gözəllik bəxş edib.

Cabir Mirzəbəy oğlu Novruzov 12 mart 1933-cü ildə Xızı rayonunun Upa kəndində dünyaya göz açıb. Sonralar yaradıcılığında uşaqlıq illərinə geniş yer verən şair hər kəsi duyğulandıran poetik lövhələrində həmin dövrü belə ifadə edirdi:

Mən dövlətli ailədə doğulmadım,
Şan-şöhrətli ailədə doğulmadım,
Ən sadəcə bir insandı atam mənim,
Zərxaralı yataqlarda yatammadım,

Cabir Novruz erkən çağlardan yaradıcılığa başlayır. Səmimi duyğularla cilalanan lirik şeirləri hələ məktəbli ikən maraq doğurur. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda oxuyur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə qəbul olunur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilir. Təhsilini 1957-ci ildə müvəffəqiyyətlə başa vurur. 1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayır. İşinə məsuliyyəti, nizam-intizamı və bədii yaradıcılığı ilə kollektivin hörmətini qazanır. Ədəbi ictimaiyyət arasında tanınmağa başlayan Cabir Novruz 1967-ci ildə Yazıçılar İttifaqının “Azərbaycan” jurnalına baş redaktor təyin edilir. O, 1991-1993-cü illərdə “Ədəbiyyat qəzeti”nin baş redaktoru vəzifəsində çalışır. Şair həmçinin 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin katibi olub.

Cabir Novruzun poeziya dəftərini vərəqləyərkən aydın olur ki, o, uzunillik bədii yaradıcılığında lirikaya sadiq qalıb. Ədəbi yaradıcılığın digər forma və janrlarına müraciət etməyib. Bunu şairin poeziyaya sədaqətinin örnəyi kimi dəyərləndirmək olar. Həqiqətən də, poeziyaya, sənətə qəlbən bağlı olan Cabir Novruzun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə vəhdətdə təqdim olunur. Yüksək mənəvi dəyərləri tərənnüm edən şair bununla da oxucunun marağını cəlb etməyi bacarır. Çünki qələmə aldığı şeirlər bədii səviyyəsi, mövzu rəngarəngliyi və səmimiyyətinə görə diqqətdən kənarda qalmır.

Müəllifin şeir dili bədii gözəlliyi və rəvanlığı ilə könül oxşayır, misralarından sanki həzin musiqi çağlayır. Elə buna görə də neçə-neçə şeirinə populyarlığını itirməyən mahnılar bəstələnib, musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb. “Məhəbbət”, “Bakının qızları”, “Mənim duyğularım”, “Cavanlığım”, “Bulaq suyu, dağ havası”, “Dünya düzələn deyil”, “Böyüməyə tələsmə”, “Bu nə cür məhəbbətdir”, “Səsim səsinə öyrəşib”, “Ömür keçir”, “Məhəbbət ölməyəcək”, “Gəlin gələndə”, “Sən oldun”, “Gecikmiş məhəbbət”, “Tənhalıq”, “Təki sənin səsin gəlsin” və s. mahnılar tanınmış müğənnilərin ifasında qəlblərə xoş əhval bəxş edib.

Məlumdur ki, tələbəlik illərində yaşanan hisslər heç vaxt yaddan çıxmır. O illərin çətinlikləri və könül oxşayan çağları hər zaman bizimlə bir addımlayır. Şair tələbəliyin manifestinə çevrilən məşhur şeirində ecazkar bir aləm yaradıb:

Çox-çox adi dolanan,
Dünyaya, cahana, insana,
Gələcəyə inanan,
Tələbə, tələbə, tələbə...

Cabir Novruz bənzərsiz yaradıcılığı ilə gəncləri vətənpərvər və mübariz olmağa çağırır. Vətən üçün daima narahatlıq hissi keçirən şairin poeziyası bu çağırışı o qədər, səmimi, həzin, yüksək poetik dillə çatdırır ki, oxucu yorulmur, usanmır, əksinə, inanır, ümidlənir. Yaradıcılığı, xüsusilə, gənclərdə həyata düzgün baxış formalaşdıran Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeiri hətta dillərdə bir zərb-məsələ çevrilib:

Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.

Professor Yusif Seyidov görkəmli şair haqqında yazıb: “Cabir Novruz təkcə bir sənətkar, bir şair kimi yadda qalmır. O həm də yüksək insani xüsusiyyətlərə malik olan, mənəvi saflığı ilə seçilən sadə, səmimi bir şəxs kimi, bütün varlığı ilə vətəninə, xalqın, el-obasına bağlı bir vətəndaş kimi yadda qalır”.

Cabir Novruzun müxtəlif illərdə çap olunmuş “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir karvan kimi”, “Ulu dünya, heyifsən”, “Özünü qoru, xalqım” və digər kitabları bu gün də maraqla oxunur. Şairin əsərləri bir çox dilə tərcümə olunub. Onun bədii tərcümələri isə Azərbaycan oxucusunu dünya poeziyasının dəyərli nümunələri ilə tanış edib.

Cabir Novruz həm də geniş ictimai fəaliyyət göstərib. Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərdə fəal iştirak edib, taleyüklü hadisələrə düzgün qiymət verərək vətəndaşlıq mövqeyi göstərib. O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

Ədəbi-ictimai fəaliyyəti yüksək qiymətləndirilən Cabir Novruz 1979-cu ildə “Əməkdar incəsənət xadimi”, 1999-cu ildə “Xalq şairi” fəxri adlarına, Dövlət mükafatına layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü olub.

Hələ sağlığında şeirləri nəğmə olub qəlblərə dolan görkəmli şair 12 dekabr 2002-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Hazırda şairin adını daşıyan “Cabir Novruz” Mədəniyyət Fondu ədəbiyyat və mədəniyyətimizin təbliğinə öz töhfəsini verir.   

Savalan FƏRƏCOV