Otuz il sonra tar-kamanlı Qarabağda, Şuşada Novruz tonqalları qalanır
Qarabağ torpağında Novruz bayramı axırıncı dəfə 1991-ci ildə qeyd olunmuşdu. Hərçənd elə o günlərdə də yurd yerlərimizə qənim kəsilən mənfur düşmənin xain basqınları bu əziz bayramı külli Qarabağın bütün kəndlərində, obalarında tam könül xoşluğu ilə, kütləvi el şənliyi ilə qeyd etməyə imkan verməmişdi...
Növbəti, 1992-ci ildə təkcə Qarabağa deyil, bütün ölkəmizə bayram qara gəldi. İlk çərşənbəsi Xocalı müsibətinə düşən Novruzun rəngi başqa cür ola bilməzdi...
Sonra Qarabağsız illər başlandı. Doğma yurddan uzaqda, torpaq həsrəti içində qalanan Novruz tonqallarının tüstü-qoxusu da sanki başqa idi. O torpaqların ətir-nəfəsinə möhtac idi. Beləcə, hər bayramda ağırlığımızın, yorğunluğumuzun odda yanmasını diləməklə yanaşı, dilimizdə bir dilək də vardı... Gün o gün olsun ki, bu bayramı o torpaqlarda qeyd edək...
Bu gün artıq o gündür! 2020-ci ilin Vətən müharibəsində qazandığımız Zəfər sayəsində Novruz bayramı doğma Vətən torpaqlarına qayıdır.
Düz otuz il sonra tar-kamanlı Qarabağda, onun baş tacı Şuşada Novruz tonqalları çatılır. Otuz ildir həsrətində olduğumuz və bizi həsrətlə gözləyən torpağımızda Bahar bayramının ətri, nəfəsi, ocaqlarımızın istisi yayılır.
Novruz ta qədimdən ruhumuzun bayramı olub. Vətən müharibəsində Zəfər çalan milli ruhumuz indi ikiqat bayram edir. Şəhidlərimizin qanı ilə sulanmış Vətən torpaqlarında qalanan tonqalların istisi o igidlərin ruhunu da isidir, şad edir.
İşğaldan azad olunmuş bütün torpaqlarımız tezliklə bu yerlərə ayaq basacaq, yurd-yuvasını yenidən quracaq sakinlərinin tər-nəfəsini də duyacaq. Çünki Novruz həm də torpaqla, zəhmətlə yoğurulan yeni günün bayramıdır.
Bu bayram o bayramdır... Otuz ildir gözlədiyimiz bayram...
Düzdür, bütün dünya qarışıq bizim də artıq ikinci ilini yaşadığımız bəşəri bəla bu il də əziz bayramı tam istədiyimiz kimi, ümumxalq şənliyi, el-oba şadyanalığı ilə küll halında, tonqal başında, geniş süfrələr arxasında deyə-gülə, əylənərək qeyd etməyə imkan vermir.
Amma olsun. Bu günlər hər birimizin qəlbində elə bir dərin, isti duyğu var ki, havası, ətir-nəfəsi bir ocaq başında, bir süfrə ətrafında toplaşmasaq da, hamımıza çatar...
Bayram o bayramdır...
Bayramımız mübarək!
Vüqar ORXAN