Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə qrafika və akvarel ustaları arasında keçirilən “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsi davam edir.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqəyə qatılmaq istəyənlər martın 25-dək müraciət edə bilərlər.

Ötən ilin noyabr ayında elan edilən sənət yarışı Vətən müharibəsində tarixi Qələbəyə həsr olunub. Müsabiqənin məqsədi akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, rəssamların yaradıcılığında ölkəmizin tərənnümü, Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi rəşadəti və milli birliyimizi təsviri sənətdə əks etdirməkdir.

Hər iştirakçı ən çox 3 əsərini müsabiqəyə təqdim edə bilər. Əsərləri Xətai Sənət Mərkəzinin “Facebook” qrupunda (müəllif və əsər haqqında müvafiq  məlumatları qeyd etməklə) onlayn qaydada yerləşdirmək xahiş olunur.