Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Türkiyədən gələn nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli akademiyada tədris prosesi, əcnəbi tələbələrin təhsil alması və gələcək layihələr barədə məlumat verib.

BXA-nın geniş beynəlxalq əlaqələrindən bəhs olunub, müştərək layihələrin həyata keçirilməsi, birgə konfransların təşkili ilə bağlı fikirlər səslənib.

Türkiyədən gələn nümayəndə heyətinin rəhbəri – "Bir millət, iki dövlət: qardaşlıq dastanı” müzikl layihəsinin rəhbəri, rejissor Serhat Turak səmimi qəbula görə təşəkkürünü bildirib və layihə barədə məlumat verib.

Qeyd olunub ki, layihənin məqsədi Azərbaycan və Türkiyənin tarixdən bu günədək gələn birlik və bərabərliyini sənət yolu ilə nümayiş etdirməkdir. Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrini diqqətə çatdıran layihədə tarixdəki türk şəxsiyyətlərinin və dastanlarının, eləcə də sevinc və kədərimizin ortaq olduğu hadisələrin səhnələşdirilməsinin vacibliyi vurğulanıb. Serhat Turak BXA ilə ortaq layihələr üzərindən işləməkdən məmnun olacağını bildirib.

Söhbət zamanı gələcək əməkdaşlıq və birgə layihələr barədə fikir mübadiləsi aparılıb.