Britaniya paytaxtının 50-yə yaxın metro və qatar stansiyasında üzərində “Azerbaijan-Happy Novruz”, “Azerbaijan-Land of Fire”, “Shusha – Cultural capital of Azerbaijan”, “Azerbaijan – Centre of Multiculturalism” yazılarının və müvafiq şəkillərin əks olunduğu lövhələr yerləşdirilib.

Təbliğat layihəsi Londonda yaşayan həmyerlimiz, tanınmış skripkaçı Səbinə Rakçeyevanın həmtəsisçisi olduğu “Natavan Group UK” diaspor təşkilatının təşəbbüsü ilə həyata keçirilir. Təşəbbüs Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə reallaşıb.

Səbinə Rakçeyeva bildirib ki, Vətən müharibəsindən bir qədər öncə fəaliyyətə başlamış təşkilat son aylar ərzində Britaniyada Azərbaycan həqiqətlərinin təbliği istiqamətində bir sıra işlər görüb. Təşkilata üzv olan azərbaycanlılar ölkəmizin haqq səsinin yayılması üçün Londonda keçirilən müxtəlif aksiyalarda iştirak edir, fərqli layihələr həyata keçirir. Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları üçün onlayn ingilis dili kurslarının təşkili də bu layihələrdən biridir.

Hazırkı təşəbbüslə bağlı danışan “Natavan Group UK” təşkilatının digər həmtəsisçisi, Britaniyada yaşayan Səbinə Quliyeva isə qeyd edib ki, bilbordların Londonda insanların ən çox istifadə etdiyi metro və qatar stansiyalarında yerləşdirilməsinə buradakı soydaşlarımız da köməklik göstərib. Bilbordlar Londonun metro və qatar stansiyalarında iki həftə müddətində qalacaq.

Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə bildirib ki, biz bütün imkanlarımızla bu cür təşəbbüsləri dəstəkləyir və alqışlayırıq. Bu, dünyanın harasında yaşamasından asılı olmayaraq, soydaşlarımızın Azərbaycan naminə birliyinin nümunəsidir. “Bilbordların ötən il torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyinə balanslı dəstək ifadə etmiş Birləşmiş Krallığın paytaxtında, əhalinin sıx istifadə etdiyi metro stansiyalarında qurulması xüsusən əhəmiyyətlidir. Bu təşəbbüs londonluların Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması, Azərbaycanın multikultural dəyərlərə bağlılığı kimi həqiqətləri, eləcə də xalqımızın qədim adət-ənənələrini, az da olsa, öyrənmələrinə imkan verəcək”, – deyə səfir vurğulayıb.