Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı ilə 20 mart tarixində saat 20:00-da Novruz bayramı münasibətilə rəssamların onlayn satış-sərgisi təşkil olunacaq.

Sərgi gənc nəsil arasında Novruz bayramının ənənələrini yaşatmaq, rəssamların  yaradıcılıqlarını dəstəkləmək və stimullaşdırmaq məqsədilə keçirilir. 

Azərbaycan xalqının maddi və mənəvi dəyərlərini özündə birləşdirən Novruz bayramı tarixi qədimliyə və mədəni-mənəvi zənginliyə malikdir. Xalqımızın milli adət-ənənələrini özündə birləşdirən Novruz bayramına zaman-zaman Azərbaycan rəssamları da öz yaradıcılıqlarında yer verib və bədii dəyərə malik əsərlər yaradıblar. 

Sərginin virtual ekspozisiyasında rəssamların qrafika, rəngkarlıq, dekorativ tətbiqi sənət və heykəltəraşlıq əsərləri nümayiş olunacaq.

Onlayn satış sərgisi Azərbaycan Dövlət Rəsm Qalereyasının “Facebook” və “İnstagram” sosial şəbəkə səhifələri, eyni zamanda www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə yayımlanacaq.