Niderlandın “The Holland Times” qəzetində “Novruz bayramı Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir” adlı məqalə dərc olunub.

Məqalədə Azərbaycanda Novruz bayramı şənliklərindən, milli adət-ənənələrimizi özündə ehtiva edən Novruz bayramının tarixindən söz açılıb. Bildirilir ki, Mərkəzi Asiyadan Qafqaza, Yaxın Şərqdən Balkanlaradək ondan çox ölkədə – ümumilikdə 300 milyondan çox insan tərəfindən qeyd edilən Novruz bayramı Azərbaycanda əsrlər boyu nəsildən-nəslə ötürülərək qorunub saxlanılıb.

Diqqətə çatdırılır ki, Azərbaycanın və bu bayramı qeyd edən digər ölkələrin birgə təqdimatı ilə 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Yazıda Novruzun sülh, barışıq və həmrəylik kimi dəyərləri təşviq etdiyi vurğulanıb, bu bayramın adət-ənənələri təsvir edilib.