Moskvada, Ümumrusiya Xalq Nailiyyətləri Sərgisində yerləşən Azərbaycan pavilyonunda “Novruz 2021” adlı bayram tədbiri keçirilib.

Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 30 illiyi çərçivəsində və Moskva Meriyası Mədəniyyət Departamentinin iştirakı ilə keçirilən tədbirdə qonaqlara Moskva şəhərindəki Qara Qarayev adına Musiqi məktəbi şagirdlərinin, “Yarineya” vokal-instrumental kollektivinin, Kazak xorunun ifasında konsert proqramı təqdim olunub.

Moskva sakinləri və Azərbaycan diaspor nümayəndələrinin qatıldığı tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan idman klubunun üzvlərinin iştirakı ilə Azərbaycan milli güləşi, xalq sənətkarlığı üzrə ustad dərsləri nümayiş olunub.

Bayram tədbiri çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən Azərbaycan məhsullarının dequstasiyası da təşkil olunub. Qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunub.

Ümumrusiya Xalq Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun direktoru Səadət Qədirova bildirib ki, bu pavilyon eyni zamanda mədəniyyətimizi, tarix irsimizi, milli mətbəximizi, adət-ənənələrimizi tanıdan bir məkan olmalıdır: “Bu səbəbdən də pavilyonda keçirdiyimiz ilk bayram tədbiri kimi “Novruz 2021”in qonaqlar üçün yaddaqalan olmasına çalışmışıq. Proqramda Azərbaycan xalq rəqsləri, ustad dərsləri ilə yanaşı, rus mədəniyyətinə dair nümunələr də təqdim edilir. Məqsəd xalqlarımızın bir-birinə yaxınlığını nümayiş etdirməkdir”. 

Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum Azərbaycanla onu sıx əlaqələrin bağladığını söyləyib: “Mənim rəhbərlik etdiyi Botanika bağını Azərbaycanla çoxdandır ki, mədəni və dostluq münasibətləri bağlayır. Ötən il Botanika bağında “Azərbaycan mədəniyyət günü” adlı tədbir keçirilmişdi. Moskvadakı Azərbaycan pavilyonunu çox bəyənirəm. Dəfələrlə burada olmuşam. İndi də Novruz bayramı tədbiri azərbaycanlı dostlarımla görüşmək üçün əla bir fürsətdir”.