Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə realasan “Digitalart-lab” layihəsi çərçivəsində növbəti virtual ustad dərsi martın 26-da saat 21:00-da yayımlanacaq. Bu dəfə rəssam Amil Quliyevin “Concept art” mövzusunda ustad dərsi təqdim olunacaq.

“Concept art” filmlər, video oyunlar, animasiya və komikslərdə fikri çatdırmaq üçün istifadə olunan bir illüstrasiya formasıdır.

Ustad dərsi “Concept art” sahəsində yeniliklər, film və oyun sənayesində istifadə edilən metodların tətbiqini göstərmək, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçiriləcək.

Amil Quliyev 1990-cı ildə Gəncə şəhərində anadan olub. 2001-2005-ci illərdə Gəncə Uşaq rəssamlıq məktəbində oxuyub. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət fakültəsinin “Rəngkarlıq” ixtisasında bakalavr təhsili alıb. O, 2013-cü ildən müstəqil yaradıcılıqla məşğuldur.

Ustad dərsinin “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır.

Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (http://azgallery.az/) və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.