“Sizin yaradıcılığınız müasir Azərbaycan ədəbiyyatının ən dəyərli fəsillərindən biridir”

Martın 23-də tanınmış yazıçı, şair, publisist, tərcüməçi Seyran Səxavətin 75 yaşı tamam olur. Seyran Səxavət (Seyran Əsgər oğlu Xanlarov) 1946-cı ildə Füzuli rayonunun Yağlıvənd kəndində doğulub.

Azərbaycan Yazıçılar Birliyi (AYB) yubilyarı təbrik edib.

Təbrikdə deyilir ki, Seyran Səxavətin fəaliyyətinin əhəmiyyətli qismi Yazıçılar Birliyinin mətbu orqanlarında yaradıcı əməklə bağlı olub. O, 1973-cü ildən etibarən dövrün nüfuzlu nəşrlərindən olan “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir, ədəbi işçi vəzifələrində çalışıb. 1974-1976-cı illərdə ixtisası ilə əlaqədar Sovet İttifaqından İrana ezam olunub, orada iki il tərcüməçi kimi fəaliyyət göstərib. 1981-1991-ci illərdə “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb, milli teatrlarımızın səhnə-tamaşa həyatının elmi-publisistik və sənədşünaslıq yönündən işıqlandırılmasında, Azərbaycan ədiblərinin nəsr əsərlərinin nəşrə hazırlanması və geniş oxucu dairələrinə çatdırılmasında əmək sərf edib.

Təbrikdə vurğulanır ki, Seyran Səxavət 1962-ci ildən ömrünü bədii yaradıcılığa həsr edərək əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirib: “Poetik axtarışlarınızın yekunu kimi meydana çıxan, özündən əvvəlki poeziya örnəklərindən və həmyaşıd qələm dostlarınızın yazdıqlarından tamamilə fərqlənən novator şeirləriniz dillər əzbəri olmuş, Azərbaycan gəncliyinin ən ülvi hisslərini ifadə etmişdir. İranda tərcüməçi işləyərkən qələmə aldığınız ilk hekayəniz – “Hamı elə bilirdi” adlı əsəriniz 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap olunmuş, bununla da sizin yaradıcılığınızın, həm də müasir Azərbaycan nəsrinin yeni bir səhifəsi açılmışdır. Müxtəlif illərdə işıq üzü görən nəsr əsərlərindən ibarət (hekayə, povest, roman) kitablarınız həm istedadlı, orijinal və məhsuldar bir yazıçı olaraq sizin, həm də müasir Azərbaycan nəsrinin bədii-fəlsəfi tutumunu əks etdirməkdədir.

Həm poetik, həm nəsr əsərlərinizdəki orijinallıq, misilsiz milli kolorit, bədii düşüncənin özünəməxsus ifadə tərzi, dərin və mənalı yumor elementləri, unikal şair-yazıçı yaddaşı, nəsrlə şeirin təbii və mütəhərrik sintezi ciddi oxucu marağı doğurur. Sizin əsərlərinizdə milli və bəşəri, fərdi və ümumi çulğaşaraq təbiətin, insan mənəviyyatının, ümumən cəmiyyətin mükəmməl panoramını yaradır, adamları düzgün, cəsarətli, mərd, səxavətli, öz kökünə, millətinə, dövlətinə ən əsası özünün öz mənliyinə bağlı yaşamağa dəvət və təhrik edir”.

AYB-nin təbrikində ədibin dramaturq kimi fəaliyyətinə də toxunulur. Qeyd edilir ki, müəllifin “Qızıl teşt” (1988), “Büst” (1989), “Qapıların o üzündə qalan dünya” (1990) pyesləri, Akademik Milli Dram Teatrı ilə yanaşı, respublikamızın bir sıra teatrlarında tamaşaya qoyulub, maraqla qarşılanıb. Seyran Səxavətin bədii publisistika və bədii tərcümələri də oxucuların yaddaşında dərin izlər buraxıb.

“75 yaş ömrün müdrik çağıdır. Siz yaşınızın bütün mərhələlərində Azərbaycanda təzahür edən ictimai, mədəni, ədəbi proseslərə həssas yanaşmış, gənc yazarlara kömək məqsədilə ədəbi birliklərə rəhbərlik etmiş, ölkəmizin həyatında baş verən önəmli hadisələrə kreativ şəkildə – yazılı və internet mətbuat məkanında mövqeyinizi bildirmisiniz. Hazırda ustad ədib olaraq AYB-də çalışırsınız, “Azərbaycan” jurnalının redaksiya heyətinin üzvüsünüz. Yaradıcı əməyiniz yüksək qiymətləndirilmişdir. 2002-ci ilin ədəbi yekunlarına görə “Nekroloq” romanınız AYB-nin Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatına layiq görülmüşdür” – deyə təbrikdə qeyd olunur.

Təbrik bu fikirlərlə bitir: “Əsərləriniz, ədəbi tərcümeyi-halınız deməyə əsas verir ki, sizin yaradıcılığınız müasir Azərbaycan ədəbiyyatının ən dəyərli fəsillərindən biridir. Sizi ədəbiyyat biliciləri, qələm dostlarınız, Azərbaycan oxucusu yüksək qiymətləndirir. Sizə bundan sonra da ilhamlı yaradıcılıq ovqatı, dəyərli əsərlər, möhkəm cansağlığı, ailə xoşbəxtliyi arzulayırıq. 75 yaşınız mübarək olsun!”.