Vyanada Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyi (AZER-DER) Novruz bayramı münasibətilə türkdilli mətbuat təmsilçilərinin iştirakı ilə tədbir keçirib.

Pandemiya və karantin şəraiti ilə əlaqədar məhdud sayda şəxsin iştirak etdiyi tədbiri dərnəyin sədri Yardım Günəş açaraq Novruz bayramının Balkanlardan Uzaq Şərqə kimi geniş coğrafiyada yayılmış xalqların həyatında oynadığı roldan bəhs edib. Bildirilib ki, sülh, dostluq və bərəkət bayramı olan Novruz BMT tərəfindən beynəlxalq bayram elan edilib, UNESCO isə bu bayramı bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edib.

Vyanada yaşayan bəstəkar Aria Torkanbouri İranda, xüsusilə də Təbrizdə yaşayan soydaşlarımızın Novruz adət-ənənələri barədə məlumat verib.

AZƏRTAC-ın Avstriyadakı xüsusi müxbiri Elgün Niftəli çıxışında Azərbaycanda Novruz bayramına xas olan adətlərdən danışıb. Qeyd edilib ki, Azərbaycan xalqı bu il Novruz bayramını xüsusi təntənə ilə qeyd edir, çünki ərazi bütövlüyünü təmin edən Azərbaycanın Qarabağ bölgəsində və onun qəlbi Şuşa şəhərində otuz ildən sonra bayram tonqalları qalanıb.

Sonra Aria Torkanbouri saz və tarda Azərbaycan xalq mahnıları və muğamlardan nümunələr ifa edib. Mərasimə qatılan iştirakçılara bayram payı hədiyyə edilib.

***

Avstriya Azərbaycanlıları Cəmiyyəti isə Zalsburq şəhərində Novruz şənliyi keçirib. Pandemiya ilə əlaqədar məhdud sayda iştirakçının olduğu tədbiri cəmiyyətin sədri Fərid Əzizov açaraq Novruz bayramının ən qədim bayramlardan biri olduğunu nəzərə çatdırıb. Bildirilib ki, bu il xalqımız Novruz bayramını ikiqat sevinc hissi ilə qeyd edir. Çünki müzəffər Azərbaycan ordusu ölkənin ərazi bütövlüyünü bərpa edib, işğaldan azad olunan Qarabağda bayram tonqalları yandırılıb.

Tədbirdə Novruz şirniyyatları təqdim olunub.