Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib.

Fonddan bildirilib ki, protokola əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılacaq.

Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb.

2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısında bununla bağlı müvafiq qərar qəbul edilib, 2010-cu il sentyabrın 16-da İstanbulda keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə toplantısında həmin qərar dəstəklənib. 2012-ci il avqustun 23-də Bişkek şəhərində Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Türkiyə Respublikası hökumətləri tərəfindən Fondun Nizamnaməsi imzalanıb.

Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir.

2015-ci il mayın 6-da Prezident İlham Əliyev Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Həmin il sentyabrın 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) V Zirvə toplantısında Günay Elçin qızı Əfəndiyeva Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin edilib.

2019-cu ildə Türk Şurasının VII Zirvə toplantısında Özbəkistan təşkilata üzv olub, Macarıstan isə müşahidəçi ölkə statusu alıb. Zirvə toplantısı çərçivəsində üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Fondun binasının açılış mərasimi olub.

2021-ci il fevral ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı Səfirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.