Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 102-ci ildönümü tamam olur. Bu tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq xidmətin – Hərbi Nazirliyin Baş Qərargahı nəzdində Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin (kvartirmeyster) yaradılması ilə bağlıdır.

Kəşfiyyat və əks-kəşfiyyat bölməsi 1919-cu il martın 28-də Cümhuriyyətin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə yaradılıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovetləşmədən sonra təşkilatın üzvləri repressiyalara məruz qalib, M.Şeyxzamanlı başda olmaqla əksər rəhbər heyət güllələnib, N.Şeyxzamanlı Türkiyəyə mühacirət edib.

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (“ÇK”) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (“NKVD”) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.

Uzun müddət bu xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına imkan verilməyib. 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub. Bu dövrdən sonra təhlükəsizlik orqanlarında milli kadrların sayı artmağa başlayıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.

Prezident İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.

Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib, onların tərkibinə daxil olanlar cinayət məsuliyyətinə cəlb edilib. Bu dövrdə transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi uğurlar qazanılıb. Son illərdə ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.

Azərbaycanın təhlükəsizlik orqanları builki peşə bayramlarını unudulmaz hisslərlə - Qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının mühüm payı var.

Ötən ilin dekabrında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı zamanı DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən Cıdır düzündə 30 ildən sonra ilk dəfə möhtəşəm konsert proqramının təşkili təkcə xüsusi xidmət orqanlarının şəxsi heyətinə deyil, hər bir azərbaycanlıya unudulmaz hisslər bəxş etdi.

DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranması münasibətilə hazırlanan “Vətəndir ünvanımız" adlı musiqili videokompozisiya da bu yüksək hissləri aşılayır.

“Vətəndir ünvanımız" kompozisiyası bu linkdə:

https://www.youtube.com/watch?v=hBeaslBhVfM