Milli Təhsil Mərkəzi yaradılacaq
   
   Turizm sahəsinin inkişafını təmin edən əsas amillərdən biri də bu sahədə çalışanların peşə hazırlığının artırılmasıdır. Azərbaycan Turizm İnstitutunun turizm işinin təşkili və idarə edilməsi fakültəsinin dekanı Nəsir Nəsirlinin dediyinə görə, ali təhsil müəssisəsi yarandığı gündən peşəkar turizm kadrlarının hazırlanması istiqamətində beynəlxalq təcrübədən istifadəyə böyük önəm verir: «Avropa təhsil sisteminin mütərəqqi təcrübəsindən istifadə etməklə müxtəlif tədbirlərin həyata keçirilməsi, turizm bazarına rəqabətə davamlı kadr hazırlığı görülən işlərin əsasını təşkil edir».
   
   Həmsöhbətimizin sözlərinə görə, nəzəri və praktiki təcrübənin vəhdəti prinsipi əsasında 22 həftəlik istehsalat təcrübəsinin həyata keçirilməsi gələcək kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə və məzunların əməyə hazırlığı istiqamətinə yönəlib: «Avropa təhsil sistemindən yararlanmaq məqsədilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə imzalanmış ikitərəfli müqavilə əsasında Azərbaycan-Avstriya turizm qrupu yaradılıb. Təhsil ingilis dilində həyata keçirilir».
   N.Nəsirli bildirdi ki, qrupun tələbələri müvəffəqiyyətlə təhsillərini başa vurduqdan sonra ATİ ilə yanaşı, Avstriyanın sözügedən universitetinin diplomunu alacaqlar. Bu isə onların xarici ölkələrdə işləmə şanslarını artıracaq. Krems Universitetinin diplomu yerli baza əsasında verildiyi üçün bu proses həm də ATİ-nin beynəlxalq miqyasda tanınması üçün bir vasitə olacaq.
   Beynəlxalq təcrübənin ölkəyə gətirilməsi və tətbiq edilməsi istiqamətində ATİ tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyini deyən N.Nəsirli qeyd etdi ki, bu tədbirlərdən biri də tələbələrin istehsalatla tanışlıq təcrübələrinin xarici ölkələrdə keçirilməsidir: «Tələbələrimiz Türkiyənin, Şimali Kiprin, Yunanıstanın, İsrailin müxtəlif turizm müəssisələrində praktika keçirlər. Qazanılmış təcrübə isə ölkəmizin turizm sahələrində tətbiq edilmək üçün müxtəlif konfrans və müzakirələrdə elmi cəhətdən əsaslandırılaraq, tövsiyələr, buraxılışlar və kurs işləri şəklində hazırlanır və çap edilir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu tipli tədbirlər ölkəmizdə turizm sahəsinin inkişafına öz müsbət təsirini göstərməkdədir».
   Qeyd edək ki, 2006-cı ildə ilk tələbə qəbulunu həyata keçirən ATİ hazırda turizmin müxtəlif xidmət sahələri üçün doqquz ixtisas üzrə işini davam etdirir. Həmsöhbətimizin sözlərinə görə, növbəti ildə daha iki - beynəlxalq münasibətlər və qida mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığını həyata keçirməyi planlaşdırırlar: «Digər ixtisaslarda olduğu kimi, bu ixtisasların standartları, tədris planlarının hazırlanması istiqamətində işlər davam etdirilir. ATİ Avropa ölkələrinin 16 ali məktəbi ilə tələbələrin, tədqiqatçıların, doktorluq tədqiqatları üzərində işləyən əməkdaşların mübadiləsini həyata keçirir».
   N.Nəsirli onu da bildirdi ki, görülən işlər həm beynəlxalq əlaqələrin genişlənməsi, həm də Azərbaycanın turizm marketinqi istiqamətində aparılan işlərin əhatəsinin artırılmasına təkan verir: «2012-ci ildə ATİ-nin nəzdində turizm üzrə Milli Təhsil Mərkəzi yaratmağı nəzərdə tuturuq. Qeyd edim ki, institutda hazırda fəaliyyət göstərən təlim mərkəzi turizm sahəsində peşə təhsili, ixtisasartırma və sertifikat kurslarının verilməsi ilə məşğuldur. Kurslar həm Bakı şəhərində, həm də regionlarda təşkil edilir. Yaxın müddətdə bu tipli kursların Zaqatalada və Qəbələdə keçirilməsi planlaşdırılır».

   Fəxriyyə Abdullayeva