2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Azərbaycan və Türkiyə arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 2020-ci il fevralın 25-də imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında müvafiq hökumətlərarası protokol aprelin 1-də qüvvəyə minir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, qeyd olunan tarixdən etibarən Azərbaycan Respublikasının vətəndaşları biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaqlar. Azərbaycan Respublikasının vətəndaşları Türkiyə ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azad edilirlər.

Türkiyə ərazisindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyə ərazisinə daxil olmaq üçün Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pasportlardan istifadə olunması məcburidir.

Yəni biometrik şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan ərazisindən Türkiyəyə birbaşa səyahətlər üçün istifadə ediləcək. Vətəndaşın biometrik şəxsiyyət vəsiqəsi Türkiyə Respublikasının ərazisinə giriş tarixindən etibarən ən az otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır.

Türkiyə ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan vətəndaşları yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı altmış (60) gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidir.

Azərbaycan Respublikası tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunmasına dair müqaviləni qardaş Türkiyə ilə imzalayıb. Bu, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinin bariz təcəssümüdür.