Martın 30-da İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) İcraiyyə Komitəsinin 41-ci sessiyası işə başlayıb.

Təşkilatın Rabatdakı (Mərakeş) mənzil-qərargahından bildiriblər ki, videokonfrans formatında keçirilən tədbirdə İCESCO-nun 2019-2020-ci illərdə fəaliyyətinin yekunları, yaxın illərdə həyata keçiriləcək layihələr, Nizamnaməyə dəyişikliklər, Gənc Peşəkarlar Proqramının layihəsi və maliyyə vəziyyəti müzakirə olunur.

Sessiyanın açılışında İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, İcraiyyə Komitəsinin sədri, İordaniyanın təhsil, ali təhsil və elmi tədqiqatlar naziri Məhəmməd Xair Əbo Qudeys və təşkilatın 13-cü Baş Konfransının prezidenti, Fələstinin Təhsil və Elm Milli Komissiyasının sədri Əli Zidan Əbu Zuhri çıxış ediblər.

Martın 31-də işini davam etdirəcək sessiyada İCESCO-ya üzv ölkələrin milli komitələrinin iştirakı ilə təşkilatın Baş Direktorluğunun hazırladığı bir neçə sənəd müzakirə ediləcək. Onların arasında ötən ilin yanvarında Əbu-Dabidə keçirilmiş 40-cı iclasda təsdiq olunmuş təşkilatın yeni struktur layihəsi də var. Sessiyanın gündəliyinə İCESCO-nun rəqəmsal əsasda fəaliyyətinə dair təkliflər, regional ofislərin işinin səmərəliliyinin artırılması da daxildir.