Ötən əsrin ikinci yarısında Azərbaycan musiqi mühitinə yeni nəfəs, fərqli baxış gətirən sənətkarlardan biri görkəmli bəstəkar, pianoçu, Xalq artisti Rafiq Babayev olub. O, novator sənətkar kimi milli musiqi zəminində Qərb və Şərq musiqi ənənələrinin sintezini yaradıb, muğam və xalq melodiyalarını caz ritmləri üstündə uğurla təqdim edib. Bu il unudulmaz sənətkarın anadan olmasının 85 illiyi tamam olur.

Rafiq Fərzi oğlu Babayev 31 mart 1936-ci ildə Bakı şəhərində anadan olub. Erkən çağlardan musiqiyə maraq göstərir. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbində (hazırda Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) alır. Məktəbin direktoru, tanınmış pianoçu Kövkəb Səfərəliyeva onun istedad və bacarığını yüksək qiymətləndirir. Rafiq 1950-ci ildə A.Zeynallı adına Musiqi Texnikumuna (hazırda Musiqi Kolleci) daxil olur. Burada pedaqoq R.S.Levinanın fortepiano sinfində təhsil alır. Eyni zamanda xalq çalğı alətləri ansamblının musiqi rəhbəri vəzifəsini də icra edir. Caz musiqisi ilə maraqlanır və improvizasiya ustalığını təkmilləşdirir. 1954-cü ildə təhsilini başa vurarkən buraxılış imtahanında ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyasını da daxil edir. Bundan sonra yaradıcılığını bütünlüklə caz musiqisinə həsr edir.

1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirən Rafiq Babayev rəhbərlik etdiyi musiqi qrupu ilə Sovet İttifaqının müxtəlif şəhərlərinə qastrol səfərlərinə çıxır. Maraqlı çıxışları ilə musiqisevərlərin rəğbətini qazanır. Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olur. R.Behbudov 1967-ci ildə Mahnı Teatrını yaradır və Rafiq Babayevi bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edir. Bu birgə fəaliyyət onun həyatında böyük dəyişikliklər və müxtəlif janrlarda işləmək bacarığı yaradır. Birlikdə teatrlaşdırılmış konsert proqramı hazırlamağa başlayırlar.

Rafiq Babayev eyni zamanda caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir. Həm də beynəlxalq caz festivallarına hazırlaşır. Rəhbərlik etdiyi ansambl 1967-ci ildə Tallin (Estoniya) Beynəlxalq Caz Festivalında laureat olur. Onun musiqi kollektivinin “Bayatı-kürd” ladında ifa etdiyi kompozisiyası xüsusilə maraqla qarşılanır. Kompozisiya özünəməxsus milli koloriti ilə məşhur Amerika caz tənqidçisi Villis Konoverin qəlbinə yol tapır. O, bu kompozisiyanı “dünyaya Şərqin cazını tanıdan” ifa kimi qiymətləndirir. 

Azərbaycan Milli Konservatoriyasının müəllimi Təranə Məmmədova görkəmli sənətkarla bağlı araşdırmasında yazır: “Rafiq Babayevin kollektivində hər zaman yüksək səviyyəli caz musiqiçiləri çalışıb. Lakin Mahnı Teatrının özünəxas qanunları, daha dəqiq desək, janr xüsusiyyəti isə daimi caz axtarışlarına və risk etməyə imkan vermir. Bu səbəbdən də Rafiq Babayev iki dəfə – 1965-1966 və 1970-1971-ci illərdə öz musiqiçiləri ilə teatrı tərk edir. “Qaya” qrupunun musiqi rəhbəri kimi çalışır. 1960-cı illərin sonundan R.Babayevin yaradıcılığında bir neçə istiqamət paralel inkişaf etməyə başlayır. O, Mahnı Teatrında xalq və estrada musiqisi janrında çalışır. Tez-tez Azərbaycanın rayonlarında, SSRİ-nin şəhərlərində və xarici ölkələrdə qastrollarda olur. Öz caz kollektivi ilə müxtəlif caz festivallarında çıxış edir. Caz musiqisindən ibarət albomlar yazdırır və Bakıda ilk caz festivallarını təşkil edir...”.

Onu da qeyd edək ki, müxtəlif illərdə bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta, saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara), Siyavuş Kərimi (ud, klavişli alətlər), Cəmil Əmirov (klavişli alətlər), Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin Sultanov (zərb alətləri), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb alətləri), Emil K.Həsənov (bas-gitara) və başqa peşəkar musiqiçilər fəaliyyət göstəriblər.

Rafiq Babayev həmin ərəfədə ictimai işlərlə də məşğul olub. Müxtəlif müsabiqələr, baxış və festivallar təşkil edib. İstedadlı sənətkarın yaradıcılıq fəaliyyəti, demək olar ki, daim gənc instrumental musiqiçi və vokalçılarla vəhdətdə olub.

Tanınmış musiqiçi 1991-ci ildə “Cəngi” folklor-caz kollektivini təşkil edir. Musiqi layihələrinin həyata keçirilməsinə kömək edən səsyazma studiyası yaradır. Qərb və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yazır. Onun “Mahur” və “Segah” muğamları üstündə eksperimental kompozisiyaları Bakı radiosunda tarzən Ə.Quliyevin və caz kvartetinin ifasında lentə alınır.

Rafiq Babayev kino sahəsində də çalışıb, bədii (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda” və s.) və sənədli filmlərə yaddaqalan musiqilər yazıb. Bəstəkarın qızı, musiqişünas Fərizə Babayeva bu haqda belə deyir: “Kino musiqisi atam üçün yaradıcı laboratoriya idi. Ümumiyyətlə, o, rəqs, mahnı və ya xalq melodiyalarından asılı olmayaraq, bütün janrları cazla improvizə edirdi, onlara caz prizmasından yanaşırdı. Bu baxımdan kino musiqiləri də istisna deyildi. Təsadüfi deyil ki, kinoçəkilişlərdən sonra bir sıra mövzular onun üçün əsas caz kompozisiyasına çevrildi”.

1993-cü ildə respublikanın “Xalq artisti” fəxri adına layiq görülən bəstəkar daha perspektivli musiqi layihələr üzərində çalışırdı. Ancaq erməni terroru görkəmli sənətkarın yaradıcılıq planlarını yarıda qoyur. 19 mart 1994-cü ildə erməni ekstremistlərinin Bakı metrosunun 20 Yanvar stansiyasında təşkil etdiyi qanlı terror aktında həyatını itirən 14 nəfərin içində Rafiq Babayev də var idi...

Unudulmaz sənətkarın əsərləri, rəhbərlik etdiyi musiqi kollektivlərinin lent yazıları bu gün də musiqisevərlərin könlünü oxşayır.  

Savalan FƏRƏCOV