Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarından biri də 1918-ci ilin yazında Qubada baş verib. Quba qəzası 1918-ci ilin qanlı mart hadisələrindən sonra bolşevik-daşnak qüvvələrinin Bakı və Şamaxı qəzalarında qurduqları hakimiyyəti genişləndirmək istədikləri üçüncü region idi. Bakı Kommunasının rəhbəri S.Şaumyan bolşevik hökuməti qurmaq adı altında Azərbaycanın bölgələrində, o cümlədən Qubada etnik təmizləmə həyata keçirməyi qərara almışdı. O, Şahdağdan Xəzərədək olan bölgəni erməniləşdirmək fikrində idi. Lakin bölgənin cəsur əhalisi Şaumyanı narahat edirdi və o, çirkin niyyətinə ehtiyatla başlayır.
Bakı Xalq Komissarları Soveti bu qəzanı əvvəlcə sülh yolu ilə almağa, yəni, qubalılara bolşeviklərin hakimiyyətini könüllü olaraq qəbul etdirməyə qərar verir. Quba ictimaiyyəti ilə danışıqlar aparmaq D.Gelovaniyə tapşırılır. İki yüz nəfərə yaxın silahlı dəstə Qubaya gəlib özünü qəza komissarı elan edən D.Gelovani əhaliyə sovet hakimiyyətini tanımağı təklif edir. Qubalılar bu tələbə əməl edir və Gelovani şəhərdə bolşevik idarəçiliyi qurur. Bir neçə günlük sakitlikdən sonra ətraf kəndlərdən, xüsusən də ləzgilərdən ibarət silahlı dəstələr şəhərə daxil olur. Onlar Gelovanidən öz dəstəsi ilə şəhəri tərk etməyi tələb edir. Gelovani onların tələbini rədd edir. Ona kömək üçün Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi ermənilərdən ibarət 150 nəfərlik dəstə gəlir. Bir neçə gün davam edən döyüşdən sonra Gelovani dəstəsi ilə birlikdə Qubadan qovulur. Geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırır, Bazar küçəsində 16, Komendant küçəsində 7, şəhərin kənarında isə 35 nəfəri qətlə yetirir.
Bundan sonra Bakı Kommunasının rəhbəri Şaumiyan bölgəyə türklərə qarşı qəddarlığı ilə ad çıxaran Hamazaspın başçılığı altında silahlı qüvvə göndərməyi qərara alır. 1918-ci il mayın 1-də Hamazaspın komandanlığı altında 3 minlik erməni silahlı birləşmələri Quba şəhərinə hücuma keçir. Quba meydanına daxil olan Hamazasp orada toplaşan əhaliyə bildirir: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni mənafelərinin müdafiəçisiyəm. Sovet hökuməti tərəfindən cəza dəstəsi ilə buraya göndərilmişəm ki, sizdən iki həftə bundan əvvəl burada öldürülmüş ermənilərin qisasını alım... Mən bura qayda-qanun yaratmaq və Sovet hakimiyyəti qurmaq üçün deyil, ermənilərin qisasını almaq üçün göndərilmişəm”.
Hamazaspın silahlı dəstələri şəhəri dörd hissəyə bölərək hər hissədə ayrıca qərargah yaradırlar. Daşnak dəstələri amansızlıqla dinc əhalini öldürməyə və var-dövlətlərini talan etməyə başlayır. Təkcə birinci gün şəhərin aşağı hissəsində 713 nəfər azərbaycanlı öldürülür ki, onların da əksəriyyəti qadın və uşaqlar idi. Ermənilərin Quba şəhərindəki azğınlığı doqquz gün davam edir. Küçələrdə sərilib qalan meyitlərin dəfninə belə icazə verilmir. Quba şəhər rəisi Ə.Əlibəyov qubalıların nümayəndəsi kimi Hamazaspın yanına gələrək ölülərin dəfn olunmasına icazə istəyir. Hamazasp isə bundan imtina edir. Erməni-daşnak quldur dəstəsi Quba şəhərində 3 minə yaxın sakini qətlə yetirir. Qətliamlar ətraf ərazilərdə, bütünlükdə Quba qəzasında davam etdirilir. Arxiv materialları əsasında məlum olur ki, bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi viran edilmiş, 2750-dən çox ev tamamilə yandırılmış, 16 mindən çox müsəlman kişi, qadın, qoca, uşaq qətlə yetirilmişdi. Ə.Zizinskinin, Möhübəli əfəndinin və neçə-neçə igid döyüşçülərin birləşdiyi yerli müqavimət hərəkatı erməni quldurlarına qarşı hücuma keçsələr də, qüvvələr bərabər deyildi.
Müxtəlif növ odlu silahlarla təchiz olunan daşnak dəstələri dinc əhalini vəhşicəsinə qətlə yetirməkdə davam edirdilər. Qusar istiqamətində hücuma keçən erməni silahlıları qəflətən pusquya düşür. Digah kəndi yaxınlığındakı dərədə onlar yerli müqavimət dəstələri tərəfindən mühasirəyə alınır və çoxlu itki verirlər. Hər iki tərəfdən çoxlu qan axıdılır. El arasında həmin ərazi indiyədək “Qanlı dərə” adlanır. “Qanlı dərə”də məğlubiyyətə uğrayan erməni-daşnak quldur dəstələri tədricən geri çəkilməyə başlayırlar. Mayın sonunda döyüşlər dayansa da, ermənilər bölgədə öz hökmranlıqlarını saxlamağa çalışırlar. Bu vəziyyət 1918-ci ilin sentyabr ayınadək davam edir. Qardaş Türkiyədən Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusu 1918-ci ilin yay aylarında Azərbaycan Xalq Cümhuriyyətinin əvvəlcə Gəncədə, daha sonra isə Bakıda möhkəmlənməsinə köməklik göstərir.
Erməni vandalizmi, törədilən cinayətlər Cümhuriyyət hökuməti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyası (FTK) tərəfindən araşdırılır. Ermənilərin 1918-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrində, o cümlədən Qubada törətdiyi soyqırımları ilə əlaqədar cinayət işi başlanır. Quba soyqırımında qətlə yetirilən dinc əhalinin sayı müəyyənləşdirilir, zərərçəkənlər qeydə alınır, zərərin miqdarı hesablanır, cinayətkarların kimliyi dəqiqləşdirilir. Təəssüf ki, 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra FTK-nın fəaliyyəti dayandırılır, cinayət işlərinə xitam verilir.
Amma tarixi faktları heç nə ilə gizlətmək olmur, həqiqət gec-tez üzə çıxır. Soyqırımı hadisəsindən 89 il sonra Qubada aşkarlanan kütləvi məzarlıq kimi.
2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Tədqiqat zamanı o da məlum oldu ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Araşdırmalar göstərir ki, qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb...
30 dekabr 2009-cu ildə dövlət başçısı tərəfindən ərazidə Soyqırımı Memorial Kompleksinin yaradılması ilə əlaqədar sərəncam imzalandı. 18 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinin açılışı oldu. Kompleksdə yaradılan muzey erməni vandalizmini, Qubada törədilən soyqırımını tarixi faktlarla əks etdirir...
Bu gün Azərbaycan öz tarixinin şanlı günlərini yaşayır. 44 günlük Vətən müharibəsində işğal altındakı ərazilərimizin azad edilməsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyaya öz gücünü, mətinliyini nümayiş etdirdi. Bu tarixi Zəfərlə ermənilərin 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, digər yerlərdə, eləcə də 1992-ci ildə Qarabağda, Xocalıda törətdiyi soyqırımlarının, qırğınların da qisası alındı.
Ramiz RAMAZANLI
B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru