Azərbaycan
26 mart 1893 – Opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (1893 – 19.10.1972) Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. 1938-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
26 mart 1902 – Tanınmış xanəndə, Əməkdar artist Yavər Əli qızı Kələntərli (1902 – 5.2.1979) Şamaxıda anadan olub. Opera tamaşalarında Leyli (“Leyli və Məcnun”), Ərəbzəngi (“Şah İsmayıl”) və digər partiyaları ifa edib.
26 mart 1910 – Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov; 1910 – 31.1.1963) anadan olub. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Filmlərdə (“Fətəli xan”, “Qara daşlar”, “Səhər”, “Böyük dayaq” və s.) unudulmaz obrazlar yaradıb.
26 mart 1910 – Yazıçı-dramaturq Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 1910 – 21.9.1970) Şəkidə anadan olub. “Toy”, “Xoşbəxtlər”, “Nişanlı qız” və s. pyeslərinin, “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari müəllifidir.
26 mart 1919 – Əməkdar artist Əminə Abbas qızı Nağıyeva (1919-1977) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərə çəkilib.
26 mart 1926 – Tarixçi alim, AMEA-nın müxbir üzvü Oqtay Əbdülkərim oğlu Əfəndiyev (1926-2013) Bakıda anadan olub.
27 mart 1917 – Əməkdar artist, vokalçı (soprano) Mariya Sergeyevna Titarenko (1917 – 26.9.2002) Moskvada doğulub. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, “Arşın mal alan” (1945) filminin rus variantında Gülçöhrənin ariyalarını oxuyub.
27 mart 1927 – Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (1927 – 27.4.2007) Bakıda doğulub. Dünyanın bir sıra ölkələrinin mükafatlarına, o cümlədən Azərbaycanın ən ali təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.
27 mart 1928 – Əməkdar mədəniyyət işçisi Hüseyn Həsən oğlu Əhmədov (1928-2016) anadan olub. Azərbaycan Dövlət Kukla Teatrının ədəbi dram hissə müdiri işləyib.
27 mart 1937 – Kino rəssamı Fikrət İbrahim oğlu Əhədov (1937 – 2.11.1994) Bakıda anadan olub. “Qərib cinlər diyarında”, “Yol əhvalatı”, “Kişi sözü” və s. filmlərə bədii tərtibat verib.
27 mart 1986 – Görkəmli aktyor, Əməkdar artist Səməndər Mənsim oğlu Rzayev (2.1.1945 – 1986) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə unudulmaz obrazlar qalereyası yaradıb.
27 mart 2020 – Xalq artisti, müğənni Rauf Yusif oğlu Babayev (30.12.1937 – 2020) vəfat edib. 1960-70-ci illərdə “Qaya” kvartetinin solistlərindən biri kimi məşhurlaşıb.
28 mart 1886 – SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov; 1886 – 5.5.1959) Bakının Buzovna kəndində doğulub. Tiflisdə Azərbaycan teatrının inkişafında, Təbrizdə milli teatrın yaradılmasında xidmətlər göstərib. Daşkənddə (1916) Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasını tamaşaya qoyub. 1924-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb, filmlərdə çəkilib.
28 mart 1895 – Tanınmış ədəbiyyatşünas, tərcüməçi Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifzadə; 1895 – 1.6.1989) Naxçıvan şəhərində doğulub. Moskva Dövlət Universitetinin professoru olub.
28 mart 1896 – Əməkdar artist Əli Fətulla oğlu Şahsabahlı (1896-1973) Tiflisdə doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.
28 mart 1924 – Şair, tərcüməçi, Dövlət mükafatı laureatı Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev; 1924 – 14.3.1992) Şuşada anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyib.
29 mart 1938 – Əməkdar mədəniyyət işçisi Marat Mikayıl oğlu İsgəndərov (1938 – 19.6.2013) anadan olub. “Azərbaycanfilm”də səs operatoru işləyib.
29 mart 1939 – Yazıçı-dramaturq Süleyman Sani Axundov (3.10.1875 – 1939) vəfat edib. “Qorxulu nağıllar” adı altında toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.
29 mart 1946 – Əməkdar artist Nazir Kərim oğlu Əliyev (1946-1997) Lənkəranda anadan olub. Sumqayıt, Naxçıvan, Lənkəran teatrlarında çalışıb, filmlərə çəkilib.
29 mart 1951 – Əməkdar incəsənət xadimi Azad Sabir oğlu Əliyev (1951 – 30.3.2014) Bakıda doğulub. Azərbaycan Televiziyası və Radiosu Niyazi adına simfonik orkestrinin bədii rəhbəri olub.
30 mart 1908 – Əməkdar incəsənət xadimi, rəssam Şamil bəy Həsən oğlu Qazıyev (1908-1980) İrəvan şəhərində doğulub. Naxçıvan Musiqili Dövlət Dram Teatrında baş rəssam olub.
30 mart 1949 – Xalq artisti, xanəndə Səfa Hüseyn oğlu Qəhrəmanov (1949 – 5.5.2008) Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub. Muğam operalarında (“Leyli və Məcnun, “Şah İsmayıl”, “Aşıq Qərib”) çıxış edib.
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin martında erməni silahlı dəstələri Bakı, Qarabağ, Şamaxı, Quba, Lənkəran, Gəncəbasar və başqa bölgələrdə azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədiblər. Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
31 mart 1861 – Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861 – 20.4.1944) Şuşada doğulub. 1906-1912-ci illərdə Kiyev, Moskva və Varşavada ilk azərbaycanlı xanəndə olaraq ifası qrammofon valına yazılıb.
31 mart 1871 – Görkəmli teatr rejissoru, Xalq artisti Aleksandr Aleksandroviç Tuqanov (1871-1960) Moskvada anadan olub. 1924-cü ildən Azərbaycan Dövlət Akademik Dram Teatrında, 1937-ci ildən Gənc Tamaşaçılar Teatrında baş rejissor işləyib.
31 mart 1936 – Xalq artisti, bəstəkar Rafiq Fərzi oğlu Babayev (1936 – 19.3.1994) anadan olub. “Cəngi” folklor-caz kollektivinin yaradıcısı olub. Filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”) musiqi bəstələyib.
31 mart 1948 – Əməkdar rəssam İsmayıl Əsəd oğlu Məmmədov (1948 – 12.12.2016) anadan olub. Akademik Milli Dram, Musiqili Komediya teatrlarında quruluşçu rəssam işləyib.
Dünya
26 mart 1911 – Amerika yazıçı-dramaturqu Tenessi Vilyams (Tennessee Williams; 1911-1983) anadan olub.
27 mart Dünya Teatr Günüdür (World Theatre Day). 1961-ci ildə UNESCO nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutu tərəfindən təsis olunub.
27 mart 1871 – Yəhudi əsilli alman yazıçısı Henrix (Heinrich) Mann (1871-1950) anadan olub.
28 mart 1483 – İtalyan rəssamı, memar Rafael (Raffaello Santi; 1483-1520) anadan olub.
28 mart 1868 – Rus yazıçı-dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; 1868 - 18.6.1936) anadan olub.
29 mart 1949 – Türk musiqiçisi, bəstəkar, müğənni Kayahan Açar (1949-2015) İzmirdə doğulub.
30 mart 1746 – İspan rəssamı Fransisko Xose de Qoyya (Francisco Jose de Goya y Lucientes; 1746-1828) anadan olub.
30 mart 1853 – Holland rəssamı Vinsent Vilyam van Qoq (Vincent Willem van Gogh; 1853 - 29.7.1890) anadan olub.
31 mart 1732 – Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn; 1732-1809) anadan olub.
31 mart 1914 – Meksika şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1990) laureatı Oktavio Pas (Octavio Paz; 1914-1998) anadan olub.
Hazırladı: Vüqar ORXAN