Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi XX əsr tariximizin ən faciəli və dəhşətli səhifələrindəndir.

Əllərinə düşən fürsətdən istifadə edən ermənilər 1918-ci ilin martında Bakıda, eləcə də Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə xalqımıza qarşı soyqırımı həyata keçiriblər. Erməni-bolşevik quldur dəstələrinin törətdiyi qırğınlar nəticəsində on minlərlə günahsız azərbaycanlı həyatını itirib, yaralanıb. Bununla yanaşı, erməni vandalları milli memarlıq nümunələri, məktəblər, məscidlər və digər tikililəri dağıdıblar.

Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə  hər il ölkəmizdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur,  dünya ictimaiyyətinin diqqəti bu genosid aktına yönəldilir.

Mart soyqırımının 103-cü ildönümü ilə bağlı Milli Kitabxana, Respublika Gənclər və Respublika Uşaq kitabxanaları bu məqsədlə müxtəlif layihələr həyata keçiriblər.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı virtual sərgi və eyniadlı elektron məlumat bazasını istifadəçilərə təqdim edib.

Elektron məlumat bazası “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Görkəmli şəxslər Mart soyqırımı haqqında”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya” və “Soyqırımı yaddaşlarda” bölmələrindən ibarətdir. Virtual bazalarda fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi və elektron məlumat bazası ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür: (http://anl.az/el/vsb/31_Mart_Azerbaycanlilarin_Soyqirimi_Gunu/index.htm)

(http://anl.az/soyqirim/)