Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan və rus dillərində virtual kitab və foto sərgiləri, videoçarxlar hazırlanıb.

Kitabxananın rusdilli istifadəçilər üçün hazırlanan videoçarxda soyqırımının ağır nəticələri əksini tapıb. Materialda ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsinin bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdiyi qeyd edilib. Videoçarxda Mart soyqırımına həsr olunmuş müxtəlif dillərdə çap edilmiş kitablar və o məşum günlərin fotoxronikasına da yer verilib.

“İnsanlığa qarşı amansız cinayət – 31 Mart soyqırımı” adlı virtual kitab sərgisində ağlasığmaz qəddarlığı ilə seçilən bu genosid haqqında tarixi faktlar, statistik rəqəmlər təqdim olunub. Soyqırımı haqqında 10-dan çox kitab haqqında məlumat verilib, bu mövzuda filmlərin posterləri də izləyicilərin diqqətinə çatdırılıb.

Hazırlanan bütün materiallar kitabxananın sosial şəbəkə səhifələrində yerləşdirilib.

https://www.instagram.com/p/CNCKZqRBQtM/

https://www.instagram.com/p/CM_bkdkh6m2/

https://www.instagram.com/p/CM_ZRT-HoGA/