Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının birgə layihəsi üzrə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinə virtual səyahət təşkil edilib.

“Zoom” proqramı üzərindən keçirilən ekskursiyada kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova və əməkdaş Əbutalib Turabov izləyicilərə ətraflı məlumat veriblər.

Bəstəkar Sevgi Son Sualp azərbaycanlıların soyqırımı tarixinə virtual səyahətin onda dərin təəssürat doğurduğunu bildirib.

Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının sədr müavini Ceyran Səttarova, yazıçı İradə Əlili də təəssüratlarını bölüşüblər.

Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Binə Peşə liseyinin müəllimi Zərifə Əliyeva və Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Aynur Tağıyeva belə tədbirlərin təqdirəlayiq olduğunu vurğulayıblar.