Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar faciə qurbanlarının əziz xatirəsinə ithaf olunan “Unutmayaq!” layihəsini təqdim edib.

İdeya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan layihənin məqsədi 1918-ci ilin mart-aprel aylarında bolşeviklərin və erməni-daşnak terrorçu qruplaşmalarının xalqımıza qarşı törətdikləri soyqırımı faktını bir daha diqqətə çatdırmaqdır.

Samir Qulamovun ssenari müəllifi və quruluşçu rejissoru olduğu “Sündü” qısametrajlı bədii filmində bir kənddə baş verən faciədən bəhs olunsa da, ümumilikdə o dövrdə xalqımızın başına gətirilən müsibətlərə işıq salır. Filmin baş prodüseri Ülvi Cəfərov, bəstəkarı Ali Aliyev, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir. Bəzi mətnlərin erməni dilinə tərcüməsi İsrafil Xudaverdiyevə məxsusdur.

Ərtoğrul Kamalovun “Qətliam” videoçarxındakı kadrlar da mənfur düşmənlərimizin iç üzünü açır, onların barbarlığı real faktlar əsasında diqqətə çatdırılır. Videoçarxın baş prodüseri Ü.Cəfərov, montajçısı Kənan Muxtarov, operatoru Şahmar Səfəroğludur.

Anar Babalının “31 Mart – qanlı tarix” videoçarxında müasir gənclərin gözü ilə faciənin tarixi kökləri araşdırılır. Teatrın gənc aktyoru Hidayət Əliyevin çəkildiyi videoçarxın mətnini Elçin Hacıyev səsləndirib, operatoru Əfqan Ələsovdur.

Zaur Əliyevin hazırladığı videomaterialda isə Azərbaycanlıların Soyqırımı Günündə dünya teatrları ilə Azərbaycan teatrlarının repertuarı arasındakı fərqli ab-hava təhlil olunur, həmin gün bizim səhnədə göstərilən faciələrin səbəbləri sətiraltı mənalarla vurğulanır.

Videoçarxda mətni Əmrah Dadaşov səsləndirib.

Videomaterialları aşağıdakı linklər vasitəsilə izləmək olar:

https://youtu.be/EqaZwvt9Vaw

https://youtu.be/ML8dm2w46p8

https://youtu.be/Z-vucRs-Zh4

https://youtu.be/3XPxIc1PuOM