Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının aparıcı solisti, Əməkdar artist, Prezident mükafatçısı, Balet artistlərinin Q.Almaszadə adına I Beynəlxalq müsabiqəsinin Qran-pri mükafatçısı Cəmilə Kərimova bu günlərdə daha bir mükafata – Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalına layiq görülüb.

12 ildir teatrda çalışan Cəmilə Kərimova balet artisti üçün vacib olan gözəl səhnə görkəminə və texnikaya, plastika və temperamentə malikdir. Teatrın repertuarında olan əksər milli və klassik balet tamaşalarında bir çox mürəkkəb partiyaları yüksək professionallıqla ifa edir.

Rusiya Akademik Böyük Opera və Balet Teatrının nümayəndələri, SSRİ Xalq artistləri Mark Peretokin və Lyudmila Semenyaka teatrda qonaq olarkən onun məşqlərdə və tamaşalardakı çıxışlarını izləyərək, professional keyfiyyətlərini, istedad və bacarığını yüksək qiymətləndiriblər.