Zərdab rayonunda istedadlı musiqiçilərdən, sənətçilərdən söz düşəndə gitaraçı Müşfiq Nəbiyevin adı ilk sırada çəkilir.

Onun sənətə vurğunluğundan, ifaçılıq məharətindən, musiqi duyumundan həvəslə danışılır.

Müşfiq gitarasını dilləndirəndə sanki sehrli aləmə düşürsən və sənə elə gəlir ki, səslənən gitara deyil, sehrli barmaqlardan süzülüb gələn ecazkar nəğmələrdir...

Müşfiq Nəbiyev əmək fəaliyyətinə 1991-ci ildə Zərdab rayonundakı Gəndəbil kənd Mədəniyyət evində başlayıb. Sadəliyi, səmimiliyi və musiqiyə sonsuz məhəbbəti ilə seçilib. Mədəni-kütləvi tədbirlərin təşəbbüskarı olub. Gitarada ifa etdiyi həzin musiqilər insanlara könül rahatlığı, xoş ovqat bəxş edib.

Gəndəbil kənd Mədəniyyət evinin yanından ötənlər ayaq saxlayıb Müşfiqin gitarasının ürəkləri riqqətə gətirən həzin səsinə diqqət kəsiliblər və o vaxtlardan onu tez-tez toy məclislərinə dəvət ediblər.

İstedadlı musiqiçi M.Nəbiyev 1998-ci ildən Zərdab kənd Mədəniyyət evində metodist işləməyə başlayıb. Peşəsinə yaradıcı münasibəti, parlaq ifası ilə hamının rəğbətini qazanıb. Təsadüfi deyil ki, elə o vaxtdan onu rayon Mədəniyyət Mərkəzində keçirilən əksər tədbirlərə dəvət ediblər. Özü də Müşfiq bu tədbirlərə təkcə gitaraçı kimi deyil, həm də tədbirlərin necə, hansı şəkildə keçirilməsini nizamlayan qabaqcıl mədəniyyət işçisi, demək olar ki, ssenarist, rejissor kimi də dəvət edilir.

Müşfiq müəllim çəkdiyi zəhmətin qarşılığını alıb, dəfələrlə təltif edilib, mükafatlandırılıb, baxış-müsabiqələrin qalibi olub. O həm də neçə-neçə gəncə sənətinin sirlərini, incəliklərini öyrədib, davamçılarını yetişdirib.

Mahir ifaçının sənətə qəlbən bağlılığı oğlu Rüfət Nəbizadəyə də sirayət edib. Rüfət hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir. Atası kimi incəsənət sahəsində öz sözünü demək, nəyə qadir olduğunu sübut etmək istəyir. İnşallah, gün gələr, o da ustad sənətçi kimi tanınar...

Mübariz SƏFİYAROĞLU
Həsən bəy Zərdabi Muzeyinin əməkdaşı, şair-publisist