2 aprel... 27 il ard-arda bu günü –  Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin ildönümünü qara haşiyəli təqvimdə qeyd etmişik. Axırıncı dəfə 2020-ci ilin 2 aprelində o dağlar yurdumuzu acı təəssüflə yada salıb köks ötürmüşdük...

Üstündən yeddi ay keçdi... Müzəffər Ordumuz otuz ilin Qarabağ dərdinə son qoyan tarixi Zəfəri bizə bəxş etdi.

1993-cü ilin 2 aprelində işğalçı ordunun ayaq basdığı dağlar diyarının qar örtmüş aşırımlarını aşaraq tərk etmişdik. Doğma yurdundan bir at yükü “ev-eşiyi”ni götürərək, çoxları piyada, min bir zillət içində...

Bu illər ərzində o vüqarlı dağlar bizim qayıdışımızı gözləyirdi. Torpaq sahibinin intizarında idi. 2020-ci ilin 25 noyabrı sübh tezdən Kəlbəcər torpağı Vətən oğullarının ayaq səsinə oyandı...

2 aprel... Artıq bu gün anım təqvimimizdə yoxdur. Onun kimi iki əlin barmaq sayına çatan başqa günlər kimi. Qarşıdakı aylardakı ildönümlərində o günləri də, elə o ildönümlərini də qara haşiyəli təqvimdən silib, tarixə göməcəyik.

Tariximizdə artıq bir Zəfər təqvimi, Kəlbəcərin bu təqvimdə öz günü var: 25 noyabr (2020).