“Peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrı-seçkilik məyusluq yaradır”

Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü olub. Görüş Dünya Səhiyyə Təşkilatının (DST) Baş direktorunun təşəbbüsü ilə gerçəkləşib.

Görüşdə Dünya Səhiyyə Təşkilatının Avropa Bürosunun sədri Hans Klüqe və təşkilatın digər rəhbər nümayəndələri iştirak ediblər.

Tedros Adhanom Qebreyesus Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin Dünya Səhiyyə Təşkilatına siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd edib.

Prezident İlham Əliyev pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlərdən danışıb, bu sahədə Azərbaycanın beynəxalq əməkdaşlığa verdiyi töhfələri qeyd edib. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyi diqqətə çatdırılıb.

 Martın 21-də isə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVİD-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyi vurğulanıb.

Dövlətimizin başçısı dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini bildirib. Prezident İlham Əliyev peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrı-seçkiliyin məyusluq yaratdığını diqqətə çatdırıb.

DST-nin Baş direktoru T.A.Qebreyesus COVAX təşəbbüsü çərçivəsində ən qısa zamanda 84 min “AstraZeneca” peyvəndinin Azərbaycana göndəriləcəyini deyib. Prezident İlham Əliyev bununla bağlı təşəkkürünü bildirib.