Milli Kitabxana “Aprel döyüşləri” adlı virtual sərgini təqdim edib

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların azad edilməsi uğrunda apardığı mübarizə salnaməsində 2016-cı ilin Aprel döyüşlərinin xüsusi yeri var.

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun hissələri sürətli əks-həmlə əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonları istiqamətində işğal altındakı ərazilərin bir hissəsini azad etdi. Dörd gün (2-5 aprel) davam edən hərbi əməliyyatlar Aprel döyüşləri kimi tarixə düşdü.

Aprel döyüşlərində qalibiyyət  2020-ci ilin Vətən müharibəsində tarixi Zəfərimizin başlanğıcı idi. Həmin döyüşlərdə Cəbrayıl rayonu ərazisindəki Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cocuq Mərcanlı kəndi sakinlərinin doğma yurda qayıdışı gerçəkləşdi. Bu, Qarabağa Böyük qayıdışın ilk müjdəsi idi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırıb: “Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir”.

Aprel döyüşləri Ermənistanın “məğlubedilməz ordu” mifini heçə endirdi. Bu döyüşlər, həmçinin dünya ictimaiyyətinə Azərbaycanın qüdrətli ordusu olduğunu nümayiş etdirdi.

Aprel döyüşlərinin 5-ci ildönümü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb. “Aprel döyüşləri” adlı virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur. Nümayiş olunan materiallar tam mətnləri ilə verilib.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar:

http://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm